ABŞ Dövlət Departamenti Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkisinə münasibət bildirib. “Turan”ın Vaşinqton müxbirinin seçki barədə sualını Dövlət Departamentində belə cavablandırıblar: “ABŞ ATƏT-in müşahidə missiyasının Azərbaycanda keçirilmiş prezident seçkisi ilə bağlı rəyini bölüşür. Biz müşahidə missiyasının seçkinin fundamental azadlıqların kəskin məhdudlaşdırıldığı, gerçək rəqabətin olmadığı şəraitdə keçirilməsi rəyini bölüşürük. Seçki günü prosedurlara geniş miqyasda sayğısızlıq, şəffaflığın olmamaması, çoxlu qanun pozuntusu, o cümlədən qutulara topa şəklində bülletenlərin atılması barədə qeydlərini də bölüşürük”.
Dövlət Departamenti qeyd edir ki, ABŞ İlham Əliyev hökuməti və Azərbaycan xalqı ilə fundamental insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində əməkdaşlığa hazırdır.
Mərkəzi Seçki Komissiyası 8 namizədin qatıldığı 11 aprel prezident seçkisində dövlət başçısı İlham Əliyevi 86,02 faiz səslə qalib elan edib.
11 aprel seçkisini müşahidə etmiş ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının ilkin hesabatında bunlar qeyd olunur:
– Plüralizmin, o cümlədən mediada plüralizmin , yoxluğu şəraitində seçkidə həqiqi rəqabət olmayıb.
Prezident seçkisi məhdudlaşdırıcı siyasi mühitdə, əsas hüquqlar və azadlıqları məhdudlaşdıran hüquqi çərçivədə keçirilib.
Bəzi müxalifət partiyaları seçkinin rəqabətsiz mühitdə keçirildiyini əsas tutaraq və vətəndaşların ictimai həyatda iştirakı ilə əlaqədar məhdudiyyətlərin olduğunu göstərərək seçkini boykot ediblər. Müxalifət partiyaları seçkini boykot etmək haqqında qərarın səbəblərindən biri kimi seçki administrasiyasına olan inamsızlığı qeyd ediblər.
Mətbuat mühiti ifadə və söz azadlığına çətinliklər yaradan, veb-sayt və sosial media məzmununa da şamil olunan son dərəcə məhdudlaşdırıcı hüquqi çərçivəsi ilə xarakterizə olunur.
Bütün televiziyalar öz xəbər buraxılışlarının böyük hissəsini hakimiyyətə və onun fəaliyyətinə həsr edib. Hökumətin siyasətlərini tənqidi təhlil edən yayım şirkəti və ya çap mediası olmadığı üçün səlahiyyətli orqanların fəaliyyəti ilə bağlı xəbərlərdə müxalif fikirlər olmayıb.
Seçki günü məntəqə seçki komissiyaları çox vaxt əsas prosedurlara əməl etməyib, şəffaflığı təmin etməyib və müşahidəçilərin işinə əngəl törədib. Müşahidəçilər çox vaxt seçki qutusuna topa bülleten atılması, qrup şəklində, başqasının yerinə səs vermə və təkrar səs vermə faktlarının olduğunu bildiriblər.
Müşahidəçilər müşahidə aparılmış səs sayılması proseslərinin yarıdan çoxunu müəyyən olunmuş prosedurlara açıq-aydın əməl olunmaması, məqsədyönlü saxtalaşdırmalar səbəbindən mənfi qiymətləndirib.
Azərbaycanda və beynəlxalq insan hüquqları orqanlarında işləyən vətəndaş cəmiyyəti təşkilatlarına görə, çox sayda siyasi dustaq var.