Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dövlət başçısı İlham Əliyevin fəaliyyəti ilə bağlı məqalə yazıb. Novator.az-ın məlumatına görə, “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” məqaləsində Ramiz Mehdiyev qeyd edir ki, 2003-2018-ci illərdə Azərbaycan tarixi nailiyyətlər qazanıb, dövlətin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların həyatı yaxşılaşıb: “Lakin milli iqtisadiyyatını formalaşdırmaqda olan Azərbaycan müstəqil və gənc dövlət olaraq iqtisadi dayaqlarını daha da möhkəmləndirməli, yeni dövrün çağırışlarını özünün sosial-iqtisadi həyatında daha çevik nəzərə almalıdır. Azərbaycan xalqı bu vəzifələri məhz İlham Əliyevin daha uğurla həyata keçirə biləcəyini nəzərə alıb öz seçimini bir qayda olaraq onunla bağlayır, dövlətimizin idarə edilməsini tərəddüd etmədən ona etibar edir”.
Administrasiya rəhbəri yazır ki, 2003-2017-ci illərdə ümumi daxili məhsul nominal ifadədə 9,8 dəfə, real ifadədə 3,2 dəfə artıb: “Bu dövrdə ölkədə orta illik iqtisadi artım 9,4 faiz, o cümlədən qeyri-neft sektorunda 8,2 faiz təşkil edib. Ölkə iqtisadiyyatında neft sektoru həlledici rol oynasa da, son illər qeyri-neft sektorunun fəaliyyətində əhəmiyyətli canlanma hiss olunur. 2003-2017-ci illərdə sənaye istehsalı 2,6 dəfə, qeyri-neft sektoru üzrə ÜDM 2,8 dəfə, qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb.
İqtisadiyyatın liberallaşdırılması və sahibkarlığın inkişaf etdirilməsi nəticəsində özəl sektorun rolu əhəmiyyətli dərəcədə yüksəlib. ÜDM-də özəl bölmənin payı 2003-cü ildə 74 faiz təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 84 faiz olub.
Son 15 il ərzində dövlət büdcəsinin gəlirləri 16,7 dəfə artaraq 2003-cü ildəki 1,2 milyard manatdan 2018-ci ildə 20,1 milyard manata çatıb. Qeyri-neft sektorunun inkişafı büdcə gəlirlərinin formalaşmasına da öz təsirini göstərməkdədir. 2017-ci ildə dövlət büdcəsinin qeyri-neft sektoru üzrə gəlirləri 8,6 milyard manat olub , bu da 2003-cü illə müqayisədə 11,4 dəfə çoxdur.
Əsas kapitala yönəldilmiş vəsaitlər 2003-2017-ci illər ərzində 3,8 milyard manatdan 16,8 milyard manata çatıb. Bu isə real ifadədə 3 dəfə artım deməkdir.
2003-cü illə müqayisədə 2018-ci ildə dövlət büdcəsi xərclərinin tərkib hissəsi olan dövlət əsaslı vəsait qoyuluşu xərcləri 55,5 dəfə artaraq 86,9 milyon manatdan 4,8 milyard manata çatıb. Strateji valyuta ehtiyatları 26,2 dəfə artaraq, 2002-ci ildəki 1,6 milyard ABŞ dollarından 2017-ci ildə 42 milyard ABŞ dollarına yüksəlib”.
Sosial məsələlərə toxunan Ramiz Mehdiyev yazır ki, 1990-cı illərin əvvəllərində 60 faiz təşkil edən yoxsulluq səviyyəsi Azərbaycanda həyata keçirilən ardıcıl və sistemli tədbirlər nəticəsində 2003-cü ildə 44,7 faizə, 2005-ci ildə 29,3 faizə, 2010-cu ildə 9,1 faizə, 2017-ci ildə 5,4 faizə endirilib: “Dövlət büdcəsinin sosial yönümlü xərcləri 2003-2017-ci illərdə 10 dəfə artaraq 7 milyard manata, o cümlədən dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərcləri 11 dəfə artaraq 2,4 milyard manata çatıb.
Minimum əməkhaqqı 23 dəfədən çox artaraq 5,5 manatdan 130 manata, dövlət büdcəsinin səhiyyə xərcləri 12,7 dəfə artaraq 55,3 milyon manatdan 704,9 milyon manata, orta aylıq əməkhaqqı 8,4 dəfə artaraq 528,2 manata yüksəlib”.
Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri