Aprelin 17-də Konstitusiya Məhkəməsinin Plenumu 11 aprel prezident seçkisinin nəticələrini təsdiqləyib. Mərkəzi Seçki Komissiyası prezident seçkisinə aprelin 15-də yekun vuraraq nəticələrə dair protokolu müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim etmişdi.
Rəsmi nəticələrə görə, prezident seçkisində dövlət başçısı İlham Əliyev 86,02 faiz səslə qalib gəlib. Zahid Oruc 3,12 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz, Razi Nurullayev 0,74 faiz səs yığıb.
Konstitusiya Məhkəməsi nəticələri təsdiqləyəndən uzağı 3 gün sonra yeni seçilmiş prezident and içərək səlahiyyətlərinin icrasına başlamalıdır. 2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.
Novator.az bildirir ki, İlham Əliyev 1961-ci ildə Bakı şəhərində anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu və həmin təhsil müəssisəsinin aspiranturasını bitirib, tarix elmləri namizədidir.
İlham Əliyev 1990-cı ilədək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub, sonra özəl biznes sahəsində çalışıb.
1994-cü ildən İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, 1997-ci ildən birinci vitse-prezidenti postunu tutub, 1995-2003-cü illərdə Milli Məclisin deputatı olub.
2003-cü ildə baş nazir vəzifəsinə təyin edilən İlham Əliyev həmin il oktyabrın 15-də, 2008-ci il oktyabrın 15-də və 2013-cü il oktyabrın 9-da prezident seçilib.
Evlidir, üç övladı, beş nəvəsi var. Həyat yoldaşı Mehriban Əliyeva ölkənin birinci vitse-prezidenti, ikinci ali vəzifəli şəxsdir. Konstitusiyaya görə, prezident vaxtından əvvəl vəzifədən getdikdə 60 gün müddətində növbədənkənar seçki keçirilir, yeni prezident seçilənədək dövlət başçısı səlahiyyətlərini birinci vitse-prezident icra edir.
İlham Əliyevin atası Heydər Əliyev 1969-1982-ci (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi) və 1993-2003-cü illərdə (əvvəl Milli Məclisin sədri, sonra prezident) Azərbaycana rəhbərlik edib.