Hakim Ermənistan Respublika Partiyasının və onun hökumət ortağı olan Daşnaksütun Partiyasının parlament fraksiyaları aprelin 16-da sabiq prezident Serj Sərkisyanı baş nazir postuna namizəd irəli sürüb.
Novator.az bildirir ki, 63 yaşlı Serj Sərkisyan 1993-cü ildən Ermənistanın müdafiə naziri olub. 1995-2008-ci illərdə Serj Sərkisyan Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub.
2008 və 2013-cü illərdə prezident seçilib. 2007-ci ildən Ermənistan Respublika Partiyasının sədridir.
Bu il aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyəti sona çatıb. Həmin gün prezident səlahiyyətlərinin icrasına başlayan Armen Sərkisyan Karen Karapetyanın baş nazir olduğu hökumətin istefasını qəbul edib. Ölkə tam parlament idarə üsuluna keçdiyi üçün yeni baş naziri aprelin 17-də Milli Məclis seçəcək. Bunun üçün 105 nəfərlik parlamentdə səslərin yarıdan çoxunu almaq tələb olunur. Respublika Partiyasının 58, Daşnaksütun Partiyasının 7 mandatı var. Sarukyan bloku parlamentdə 31, “Çıxış” bloku 9 mandatla təmsil olunur.
Parlamentin seçdiyi baş nazir prezident sərəncamı ilə təyin olunmalıdır.
Aprelin 9-da tam qüvvəyə minmiş yeni konstitusiyaya görə, Nazirlər Kabineti icra hakimiyyətinin ali orqanıdır, daxili və xarici siyasəti formalaşdırır, dövlət idarəçiliyinə ümumi rəhbərliyi həyata keçirir.
Müxalifət aprelin 13-dən Yerevanın mərkəzində fasiləsiz mitinq keçirir. Aksiyanın təşəbbüskarı müxalif “Çıxış” blokudur. Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyanın liderlik etdiyi blok Serj Sərkisyanı baş nazir postuna gətirmək planını pozmağa çalışır.
Aprelin 16-sı Yerevanda gərginlik artıb. “Çıxış” blokunun çağırışı ilə küçələrə axışan aksiyaçılar mərkəzi yolları kəsiblər. Bəzi nöqtələrdə polislə toqquşmalar olub.