Vətəndaş Sazişi Partiyasının sədri, Ermənistan parlamentində 9 deputatla təmsil olunan müxalif “Çıxış” blokunun lideri Nikol Paşinyan paytaxt Yerevanda aksiya keçirən tərəfdarlarına müraciət edib. Novator.az-ın məlumatına görə, o, aksiyaçıları küçələri boşaltmağa, Fransa meydanında toplaşmağa çağırıb. Növbəti hədəf kimi parlament binasına yürüş nəzərdə tutulur.
42 yaşlı Nikol Paşinyan uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. 2009-2011-ci illərdə həbsdə yatıb. 2012-ci ildə sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresindən, 2017-ci ildə “Çıxış” blokundan deputat seçilib.
Nikol Paşinyan martın 31-dən Gümrü şəhərindən yürüşə başlayıb, Spitak, Dilican, Sevan və Razdan şəhərlərindən keçməklə Yerevana çatıb. Aprelin 13-dən Yerevanın Fransa meydanında fasiləsiz mitinq keçirilib.
Aprelin 16-da “Çıxış” blokunun çağırışı ilə küçələrə axışan aksiyaçılar mərkəzi yolları kəsiblər. Nəqliyyatın hərəkəti iflic olub. Blok bununla sabiq prezident Serj Sərkisyanı baş nazir postuna gətirmək planını pozmağa çalışır.
Hakim Ermənistan Respublika Partiyasının və onun hökumət ortağı olan Daşnaksütun Partiyasının parlament fraksiyaları aprelin 16-da Serj Sərkisyanı baş nazir postuna namizəd irəli sürüb.
Respublika Partiyasına sədrlik edən Serj Sərkisyan 2008-ci ildən Ermənistan prezidenti olub. Bu il aprelin 9-da onun prezident səlahiyyəti sona çatıb. Həmin gün prezident səlahiyyətlərinin icrasına başlayan Armen Sərkisyan Karen Karapetyanın baş nazir olduğu hökumətin istefasını qəbul edib. Ölkə tam parlament idarə üsuluna keçdiyi üçün yeni baş naziri aprelin 17-də Milli Məclis seçəcək. Bunun üçün 105 nəfərlik parlamentdə səslərin yarıdan çoxunu almaq tələb olunur. Respublika Partiyasının 58, Daşnaksütun Partiyasının 7 mandatı var.
Parlamentin seçdiyi baş nazir prezident sərəncamı ilə təyin olunmalıdır.
Aprelin 9-da tam qüvvəyə minmiş yeni konstitusiyaya görə, Nazirlər Kabineti icra hakimiyyətinin ali orqanıdır, daxili və xarici siyasəti formalaşdırır, dövlət idarəçiliyinə ümumi rəhbərliyi həyata keçirir.