Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yap.org.az-a müsahibədə deyib ki, pensiya təminatı ilə 1,3 milyon nəfər, əhalinin 13,3 faizi əhatə olunur: “2006-cı ildə qurulan müasir sığorta-pensiya sisteminin uğurlu fəaliyyəti, həmçinin həyata keçirilən məqsədyönlü sosial müdafiə tədbirləri pensiyalarda ildən-ilə artım dinamikasını şərtləndirib. 2006-2017-ci illərdə əmək pensiyasının baza hissəsinin artırılması ilə əlaqədar 9, sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 11 sərəncam verilib, eləcə də əvvəlki dövrlərdə qazanılmış pensiya hüquqlarının yeni sistemə inteqrasiyası istiqamətində ardıcıl qərarlar qəbul edilib. Nəticədə əmək pensiyasının baza hissəsinin məbləği 4,4 dəfə artıb, pensiyanın sığorta hissəsinin inteqrasiya olunmuş indeksləşdirilmə göstəricisi 116 faiz təşkil edib.
Pensiya islahatlarının davamı olaraq 2017-ci ildə aparılmış köklü dəyişikliklər nəticəsində pensiya sistemi qeyri-sığorta elementlərindən əsasən təmizlənib, sığorta-pensiya sisteminin öhdəlikləri ilə dövlət büdcəsinin öhdəlikləri bir-birindən ayrılıb, fərdi uçot sistemində açıq hesab prinsipi tətbiq olunub və işləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında yığılmış vəsaitlərdən istifadə edərək pensiyalarını artırmaq imkanı verilib.
Görülmüş tədbirlər nəticəsində əmək pensiyasının orta aylıq məbləği 2003-cü ilə nisbətən 11,3 dəfə artaraq 2018-ci il yanvarın 1-nə 208,4 manat olub. Azərbaycan prezidentinin imzaladığı 9 fevral 2018-ci il sərəncamı əmək pensiyalarını əvvəlki ilin orta aylıq əməkhaqqı artımına uyğun şəkildə cari ilin əvvəlindən daha 5,7 faiz artırmağa imkan verib”.
Nazirin sözlərinə görə, 2017-ci il ərzində ölkə əhalisinin 4,8 faizinə və ya 482,9 min nəfərə aylıq və birdəfəlik sosial müavinət ödənib: “2017-ci ildə sosial müavinət alanların sayı 2003-cü il ilə müqayisədə 329,7 min nəfər, 2005-ci illə müqayisədə təqaüd alanların sayı isə 58,8 min nəfər artıb. 2017-ci ilin sonuna ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrin sayı 80,2 min təşkil edib. Hazırda əhalinin aztəminatlı hissəsinə hər ay 11,9 milyon manat ünvanlı dövlət sosial yardımı ödənir”.
Sevinc Kərimli