Aprelin 14-ü Milli Şura və Müsavat Partiyası paytaxtda mitinq keçirib.
Bakı Şəhər İcra Hakimiyyətinin sanksiyalaşdırdığı aksiya Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) olub.
Milli Şura və Müsavat Partiyası bu il martın 10-da və 31-də də həmin stadionda mitinq keçirib. 11 aprel növbədənkənar prezident seçkisi ərəfəsində keçirilən mitinqlərdə əsasən azad seçki, siyasi məhbuslara azadlıq tələbləri irəli sürülüb. 31 mart mitinqi Bakıda ermənilərin törətdiyi mart qırğınının 100 illiyinə təsadüf etdiyindən həmin gün təşkilatçılar aksiyada erməni terroru əleyhinə də şüarlar səsləndiriblər.
AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseynin apardığı 14 aprel mitinqində əsasən növbədənkənar prezident seçkisinin gedişinə, ilkin rəsmi nəticələrə etiraz bildirilib.
Mitinqdə AXCP-dən sədr Əli Kərimli, Gənclər Təşkilatının sədri Emil Səlimov, Müsavat Partiyasından başqan Arif Hacılı, Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Milli Şuranın sədri Cəmil Həsənli, şuranın üzvü Vidadi Mirkamal, həyat yoldaşı (AXCP sədrinin müavini Fuad Qəhrəmanlı) həbsdə olan yazar Zümrüd Yağmur çıxış ediblər.
Azadliq.org-un məlumatına görə, mitinqdə 11 aprel seçkisinin saxta keçdiyini və bunun bütün dünya boyu ifşa olunduğunu iddia edən Əli Kərimli bildirib: “Bütün dünya bizim dediyimizi dedi. ABŞ Konqresi, ATƏT, Avropa Birliyi, özünə hörmət edən bütün dünya qurumları dedi ki, seçki beynəlxalq standartlara uyğun keçməyib”.
Seçkini boykot edənlərə təşəkkürünü çatdıran Əli Kərimli 14 aprel mitinqinin alınmaması üçün AXCP-nin təşkilat şöbəsinin müdiri Vaqif Qurbanov başda olmaqla 8 nəfərin inzibati qaydada həbs olunduğunu, yüzlərlə fəalın polis idarələrinə aparılıb hədələndiyini də söyləyib.
Arif Hacılı növbədənkənar seçkini “seçimsiz seçki” adlandırıb. Onun fikrincə, bu seçkinin növbədənkənar keçirilməsinin səbəbləri seçkidən əvvəl, seçki dövründə və ondan sonra da elan edilməyib: “Demokratik seçki üçün tələb olunan şərtlərin heç birinə əməl olunmadı. Seçkilərin taleyi, ATƏT müşahidəçilərinin də dediyi kimi, yalnız seçki günü həll olunmur, biz də bunları əvvəlki seçkilərdə dəfələrlə demişik. Seçkinin demokratikliyi üçün ölkədə demokratik mühit olmalıdır, bu isə Azərbaycanda mövcud deyil. Azərbaycanda 150-dən çox siyasi məhbus var. Qəzet bir mədəniyyət növü kimi sıradan çıxarılıb. Teleradio tam şəkildə hakimiyyətin nəzarəti altındadır. Siyasi partiyaların bərabərhüquqlu mübarizə imkanları yoxdur. Sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılıb. Halbuki qanunvericiliyə görə, bir neçə yer istisna olmaqla digər bütün məkanlarda vətəndaşların sərbəst toplaşmaq haqqı təmin edilməlidir”.
Arif Hacılı hökumətin Azərbaycanın iqtisadi inkişafı ilə bağlı açıqlamalarını da təkzib edib, bildirib ki, əslində ölkədə iqtisadi tənəzzül yaşanır.
Cəmil Həsənli 11 aprel seçkisini “məzhəkə”, “tamaşa” adlandırıb. O, seçkini tənqid edən ATƏT müşahidəçilərinə dəstək verib: “Bu aksiya həm də ATƏT müşahidəçilərinin elan etdiyi rəyə bir dəstəkdir. Biz elə belə də rəy gözləyirdik”.
Çıxışında Cəmil Həsənli hökuməti korrupsiyada, ölkəni beynəlxalq aləmdə nüfuzdan salmaqda da qınayıb.
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, mitinqdə ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.
İlkin nəticələr prezidenti qalib göstərdi
Təşəkkürlər, vədlər
Milli Şura nəticələri tanımır
Kim nə qədər səs yığıb?
Müsavat yeni seçki tələb edir
ATƏT missiyası rəyini açıqladı
Prezident: “Daha güclü Azərbaycan qurmalıyıq”
Etiraz doğuran hesabatda nələr var?