“Azərbaycan xalqı bir daha sabitliyə, inkişafa, tərəqqiyə səs verdi”. Aprelin 12-si Bakıda, Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda keçirilən konsert proqramında çıxış edən prezident İlham Əliyev belə deyib. Proqram 11 aprel prezident seçkisində İlham Əliyevin qələbəsinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, çıxışında İlham Əliyev həmişə Azərbaycan xalqının dəstəyini hiss etdiyini, bu dəstəyə arxalandığını vurğulayıb: “Mənim fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim.
Azərbaycan xalqı öz seçimini etdi. Azərbaycan xalqı bir daha bizim siyasətimizə öz səsini verdi. Bir daha sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi.
Sözün əsl mənasında müstəqil siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıb. Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır. Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq bir ölkədir. Daxili vəziyyətimiz sabitdir. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır. Bütün azadlıqlar təmin olunur.
Prezident seçkisi bir daha onu göstərir ki, Azərbaycanda bütün azadlıqlar təmin olunur, Azərbaycan demokratiya yolu ilə uğurla gedir. Açıq, şəffaf, ədalətli şəkildə keçirilmiş seçki Azərbaycan xalqının iradəsini əks etdirir. Seçkidə mənə göstərilən dəstək məni daha da ruhlandırır, daha böyük güc verir. Seçkidə xalqımız həm görülən işlərə, real nəticələrə, eyni zamanda bizim gələcəyimizə, xoşbəxt gələcəyimizə səs verib. Əminəm ki, bundan sonra da ölkəmiz uğurla inkişaf edəcək. Bundan sonra da Azərbaycan xalqı sabitlik, təhlükəsizlik şəraitində yaşayacaq.
Bu gün Azərbaycan dünya miqyasında sabitlik adası kimi tanınır. Azərbaycan dünya miqyasında nümunəvi ölkə kimi tanınır. Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər nəticə göstərən ölkə olmayıb.
Azərbaycan xalqı öz seçimini etdi. Biz hamımız çalışmalıyıq ki, bundan sonra da ölkəmizi gücləndirək. Bu gün də Azərbaycan güclü dövlətdir. Daha güclü dövlət qurmalıyıq. Daha güclü Azərbaycan qurmalıyıq. Yolumuz müstəqillik yoludur. Heç bir kənar qüvvə bizi bu yoldan döndərə bilməz. Bu yol Azərbaycan xalqının şüurlu seçimidir. Biz müstəqil ölkəyik. Biz böyük xalqıq. Ancaq böyük xalq bu qədər nəticələr əldə edə bilər. Ancaq müstəqillik şəraitində Azərbaycan bu qədər uğurlar əldə edə bilər. Bizim taleyimiz öz əlimizdədir”.
Mərkəzi Seçki Komissiyasının hesabatına görə, 11 aprel prezident seçkisində dövlət başçısı İlham Əliyev 86,03 faiz səslə digər 7 iddiaçını xeyli geridə qoyub.
Namizəd səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxunun səsi ilə prezident seçilmiş sayılır. Seçki Məcəlləsinə görə, Mərkəzi Seçki Komissiyası aprelin 11-dən başlayaraq uzağı 10 gün ərzində prezident seçkisinə yekun vurub nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi nəticələri təsdiqləyəndən uzağı 3 gün sonra yeni seçilmiş prezident and içərək səlahiyyətlərinin icrasına başlamalıdır.
İlham Əliyev 2003-cü ildən prezidentdir. 1993-2003-cü illər arasında isə prezident postunu onun atası Heydər Əliyev tutub.
2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.