Xarici İşlər Nazirliyi aprelin 11-də keçirilmiş prezident seçkisinə ATƏT və AŞPA missiyasının rəyini ədalətli və obyektiv saymadığını bəyan edib. Rəsmi açıqlamada qeyd olunur ki, ilkin hesabatda seçkinin müşahidə edilməsi üzrə metodoloji və texniki yanaşmadan çox subyektiv iddialar və qərəzli siyasi mülahizələr üstünlük təşkil edir: “Seçkinin məhdud siyasi mühitdə keçməsi barədə iddia tamamilə əsassızdır. Qeydə alınmış namizədlərin azad və sərbəst şəkildə aktiv seçki kampaniyası aparması üçün bütün zəruri şərait yaradılıb. Öz siyasi zəifliyinə və siyasi dəstək bazasının olmamasına görə marginal siyasi qüvvələrin fəaliyyətsizliyini və ya bəzi qeydə alınmış namizədlərin qeyri-fəal seçki kampaniyası aparmasını çatışmazlıq kimi təqdim etmək tamamilə yanlış mövqedir.
Azərbaycan Respublikasında media tam azaddır. Seçki öncəsi dövrdə media ilə bərabər sosial şəbəkələrdə və hətta bir çox hallarda bütün etik normalardan kənar fəal müzakirə mühiti mövcud olub.
Səsvermə prosesi seçki subyektlərinin və seçicilərin azad davranışı və yüksək fəallığı şəraitində və ümumən qanunvericiliyin tələblərinə uyğun keçib. Bunun müqabilində hər hansı əsaslandırılmamış fakt ortaya qoymadan guya seçki günü məcburi prosedurlara riayət edilməməsi, şəffaflığın olmaması və digər qüsurların olması barədə iddialar heç bir tənqidə sığmır”.
Mərkəzi Seçki Komissiyasının hesabatına görə, 11 aprel prezident seçkisində dövlət başçısı İlham Əliyev 86,03 faiz səslə digər 7 iddiaçını xeyli geridə qoyub. Zahid Orucun 3,11 faiz, Sərdar Cəlaloğlunun 3,03 faiz, Qüdrət Həsənquliyevin 3,02 faiz, Hafiz Hacıyevin 1,52 faiz, Araz Əlizadənin 1,38 faiz, Fərəc Quliyevin 1,17 faiz, Razi Nurullayevin 0,74 faiz səs yığdığı açıqlanıb.
11 aprel seçkisini müşahidə etmiş ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının ilkin hesabatında bunlar qeyd olunur:
– Plüralizmin, o cümlədən mediada plüralizmin , yoxluğu şəraitində seçkidə həqiqi rəqabət olmayıb.
Prezident seçkisi məhdudlaşdırıcı siyasi mühitdə, əsas hüquqlar və azadlıqları məhdudlaşdıran hüquqi çərçivədə keçirilib.
Bəzi müxalifət partiyaları seçkinin rəqabətsiz mühitdə keçirildiyini əsas tutaraq və vətəndaşların ictimai həyatda iştirakı ilə əlaqədar məhdudiyyətlərin olduğunu göstərərək seçkini boykot ediblər. Müxalifət partiyaları seçkini boykot etmək haqqında qərarın səbəblərindən biri kimi seçki administrasiyasına olan inamsızlığı qeyd ediblər.
Vəzifədə olan prezidentin kampaniyası ilə onun rəsmi fəaliyyətləri arasında heç bir fərq qoyulmayıb. Prezident özü təşviqat kampaniyası aparmayıb. Digər namizədlər vəzifədə olan prezidentə qarşı birbaşa əks mövqe nümayiş etdirməkdən və ya onu tənqid etməkdən çəkiniblər.
Dövlət sektorunda çalışan əməkdaşların və universitet tələbələrinin YAP-ın təşviqat tədbirlərində iştiraka məcbur edildiyi hallar müşahidə edilib.
Mətbuat mühiti ifadə və söz azadlığına çətinliklər yaradan, veb-sayt və sosial media məzmununa da şamil olunan son dərəcə məhdudlaşdırıcı hüquqi çərçivəsi ilə xarakterizə olunur.
Bütün televiziyalar öz xəbər buraxılışlarının böyük hissəsini hakimiyyətə və onun fəaliyyətinə həsr edib. Hökumətin siyasətlərini tənqidi təhlil edən yayım şirkəti və ya çap mediası olmadığı üçün səlahiyyətli orqanların fəaliyyəti ilə bağlı xəbərlərdə müxalif fikirlər olmayıb.
Seçki günü məntəqə seçki komissiyaları çox vaxt əsas prosedurlara əməl etməyib, şəffaflığı təmin etməyib və müşahidəçilərin işinə əngəl törədib. Müşahidəçilər çox vaxt seçki qutusuna topa bülleten atılması, qrup şəklində, başqasının yerinə səs vermə və təkrar səs vermə faktlarının olduğunu bildiriblər.
Müşahidəçilər müşahidə aparılmış səs sayılması proseslərinin yarıdan çoxunu müəyyən olunmuş prosedurlara açıq-aydın əməl olunmaması, məqsədyönlü saxtalaşdırmalar səbəbindən mənfi qiymətləndirib.
Azərbaycanda və beynəlxalq insan hüquqları orqanlarında işləyən vətəndaş cəmiyyəti təşkilatlarına görə, çox sayda siyasi dustaq var.
MSK-nın iclaslarında heç bir müxalif və ya mübahisəli fikirlər səsləndirilməyib və üzvlərin əksəriyyəti heç bir müzakirədə iştirak etməyib. Müşahidə olunan iclaslar yalnız qərarları formal olaraq yekdil səs ilə təsdiq etməyə xidmət edib.
Dövlət Statistika Komitəsinin 2017-ci ilə olan məlumatları göstərir ki, səsvermə yaşında olan 7,1 milyondan çox insan var. Daimi seçici reyestrində isə ümumilikdə 5,2 milyona yaxın seçici qeydiyyata alınıb.
ATƏT və AŞPA missiyalarının nümayəndələri hesabatı aprelin 12-si Bakıda keçirdikləri mətbuat konfransında açıqlayıblar. Mətbuat konfransına ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təmsilçisi Korin Yonker, ATƏT Parlament Assambleyasından Nilza de Sena, Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Viorel Rikard Badea qatılıb.