Aprelin 12-də Bakının Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılışı olub. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev açılış mərasimində iştirak edib.
Hacı Cavad məscidinin Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən əvvəlki binası plana düşdüyündən ötən ilin yayında sökülüb, Abbas Mirzə Şərifzadə küçəsi, 1 ünvanında yeni məscid tikilib.
Hacı Cavad məscidinin yeni binası 1200 kvadratmetr ərazini əhatə edir. İbadət evinin günbəzinin hündürlüyü 18, minarənin hündürlüyü 33,7 metrdir.
Eyni vaxtda 500-dən çox insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi qadınlar üçün nəzərdə tutulub.
Məsciddə Hacı Cavad dini icmasının üzvləri ilə görüşən dövlət başçısı deyib: “Siz Hacı Cavad məscidi icmasının nümayəndələri yaxşı bilirsiniz ki, məscidin əvvəlki binası artıq yararsız vəziyyətdə idi. Məscidin ətrafında gedən quruculuq işləri, ictimai zonaların, yol qovşaqlarının yaradılması zamanı bu məsələ üzə çıxdı ki, məscid yararsız, demək olar ki, qəzalı vəziyyətdədir. Mən bunu biləndən sonra dərhal göstəriş verdim ki, tezliklə həmin Hacı Cavad məscidinin yaxınlığında məscid üçün yeni bina tikilsin və yeni binaya Hacı Cavad adı verilsin. Çünki bu məscid Hacı Cavad məscididir. Sadəcə olaraq onun yeni binasıdır.
Qısa müddət ərzində məscid tikildi və bu gün sizin sərəncamınıza verilir. Çox gözəl memarlıq abidəsidir. Minarə tikilib. Əvvəlki məsciddə minarə yox idi. İdarə üçün inzibati bina tikilib, ətraf abadlaşdırılıb. Mənə verilən məlumata görə, məsciddə eyni vaxtda 500, bəlkə də 600 insan ibadət edə bilər”.
Hacı Cavad məscidinin yeni binasının dövlət vəsaiti hesabına tikildiyini xatırladan prezident İlham Əliyev ölkədə əsaslı şəkildə təmir edilən və yeni tikilən məscidlərdən söz açıb və bildirib ki, bu işlərin görülməsi dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir: “Bu münasibətlər Azərbaycanda nümunəvi xarakter daşıyır. Bildiyiniz kimi, dünən prezident seçkisi keçirilib və seçkidən sonra birinci tədbir bugünkü tədbirdir. Bu da dövlət-din münasibətlərinin bariz nümunəsidir, onun təzahürüdür. Mən çox şadam ki, son illər ərzində Azərbaycanda bizim dini-mədəni abidələrimiz qorunur, bərpa olunur. Bu, bizim tariximizdir”.
Məsciddə prezident İlham Əliyevə “Quran” hədiyyə edilib.