Müsavat Partiyası 11 aprel prezident seçkisinin nəticələrinə münasibət bildirib. Bastainfo.com-un məlumatına görə, aprelin 12-si partiyanın Bakıdakı mərkəzi qərargahında keçirilən mətbuat konfransında danışan Müsavat başqanı Arif Hacılı prezident seçkisinin azad və ədalətli olmadığını, nəticələrin xalqın azad iradəsini ifadə etmədiyini vurğulayıb.
Partiyanın seçki barədə rəyində qeyd olunur ki, 11 aprel seçkisi son illər ölkədə keçirilən seçki və referendumlarda olduğu kimi BMT, Avropa Şurası, ATƏT və digər nüfuzlu qurumların müəyyən etdiyi beynəlxalq standartlara, bu qurumlar qarşısında götürülən öhdəliklərə cavab verməyib: “Seçkilərin azad və ədalətli keçirilməsinə nail olmaq məqsədilə ATƏT, Avropa İttifaqı, Avropa Şurası, Venesiya Komissiyası və digər nüfuzlu beynəlxalq qurumların Azərbaycan hökumətinə dəfələrlə etdiyi tövsiyələr nəzərə alınmayıb.
İlham Əliyevin beynəlxalq hüquq normalarına və qanunlara zidd olaraq qəfil təyin olunan növbədənkənar seçki vasitəsilə dördüncü dəfə prezidentliyə namizədliyini irəli sürməsi seçkinin legitimliyini əvvəlcədən şübhə altına düşməsinə səbəb olub.
Növbədənkənar prezident seçkisi ərəfəsində ölkədə seçkiqabağı demokratik şərait olmayıb. Seçki həqiqi, real alternativlərin olmadığı şəraitdə keçirilib. Ölkədə normal siyasi rəqabət şəraiti mövcud olmayıb, vətəndaşların sərbəst toplaşmaq hüququ məhdudlaşdırılıb.
Demokratik seçkilərin keçirilməsini təmin edəcək müvafiq qanunvericilik bazası yaradılmayıb, bütün seçki komissiyalarında hakim partiya nümayəndələri faktiki həlledici səs çoxluğuna malik olub.
Müstəqil KİV-ə qarşı təzyiq və təqiblər davam edib, hakimiyyəti tənqid edən jurnalistlər şərlənərək Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə həbs olunub.
Seçki günü saysız-hesabsız qanun pozuntularına və saxtakarlıqlara yol verilib. Müsavat Partiyasına daxil olan çoxsaylı məlumatlar, seçki məntəqələrində olan müstəqil müşahidəçilərin məlumatları tam əminliklə deməyə əsas verir ki, seçkidə iştirak edən seçicilərin sayı saxtakarlıqlar və qanun pozuntuları hesabına dəfələrlə şişirdilib. Əslində seçkidə iştirak edən seçicilərin ümumi sayı seçici siyahılarındakı seçicilərin sayının 20 faizindən aşağı olub.
Azərbaycanda fəaliyyət göstərən ictimai və siyasi təşkilatların, bütövlükdə Azərbaycan cəmiyyətinin, eyni zamanda beynəlxalq qurumların ölkədə demokratik hüquq və azadlıqların təmin edilməsi üçün siyasi islahatların həyata keçirilməsi istiqamətindəki bütün səylərinə baxmayaraq demokratik seçki keçirilməsi və ölkədə demokratik islahatlara başlanması imkanı növbəti dəfə itirilib.
Müsavat Partiyası 11 aprel seçkisini azad və ədalətli olmayan, qeyri-demokratik seçki hesab edir, belə seçki nəticəsində formalaşacaq icra hakimiyyətinin legitimliyini tanımır. Partiya seçkinin nəticələrinin ləğv edilməsini, Azərbaycan xalqının azad iradəsini əks etdirən və beynəlxalq standartlara cavab verən prezident seçkisi keçirilməsini tələb edir”.
Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, 11 aprel seçkisində etibarlı hesab edilən səslər prezidentliyə namizədlər arasında belə bölünüb:
İlham Əliyev – 3 milyon 397 min 664 səs (86,03 faiz)
Zahid Oruc – 123 min 6 səs (3,11 faiz)
Sərdar Cəlaloğlu – 119 min 674 səs (3,03 faiz)
Qüdrət Həsənquliyev – 119 min 390 səs (3,02 faiz)
Hafiz Hacıyev – 59 min 977 səs (1,52 faiz)
Araz Əlizadə – 54 min 603 səs (1,38 faiz)
Fərəc Quliyev – 46 min 10 səs (1,17 faiz)
Razi Nurullayev – 29 min 282 səs (0,74 faiz).