11 aprel prezident seçkisini boykot etmiş Demokratik Qüvvələrin Milli Şurası bəyanat yayıb. Azadliq.info-nun məlumatına görə, bəyanatda qeyd olunur ki, milli qanunvericiliyin, beynəlxalq standartların pozulduğu, sərbəst toplaşmaq azadlığının, media azadlığının olmadığı, televiziyaların, elektron medianın bir şəxsin təbliğatına səfərbər edildiyi, çap mediasının tamamilə sıradan çıxarıldığı, müstəqil bir qəzetin olmadığı, siyasi partiyaların təzyiq altında olduğu, qərargahsız fəaliyyət göstərdiyi, üzvlərinin, funksionerlərinin həbsdə olduğu, vətəndaş cəmiyyətinin tamamilə çökdürüldüyü, seçki institutlarının məhv edildiyi, seçkilərin hakimiyyətin tam nəzarəti altında keçirildiyi və bütün bunlardan şikayət ediləcək ədalətli məhkəmə sisteminin olmadığı bir şəraitdə seçkilərdə iştirak siyasi hakimiyyətin səhnələşdirdiyi tamaşada rol almaq olardı.
Bildirilir ki, heç bir rəqabət mühiti olmadan keçirildiyindən 11 aprel seçkisi Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə və Azərbaycan Konstitusiyasına uyğun gəlmir, Azərbaycan xalqının iradəsini ifadə etmir, legitim deyil və Milli Şura onun nəticələrini tanımır: “Milli Şura Azərbaycan xalqının seçki hüququnun özünə qaytarılması, ölkəmizdə azad, ədalətli seçkilərin keçirilməsi uğrunda mübarizəsini davam etdirəcək”.
Demokratik Qüvvələrin Milli Şurasına tarixçi professor Cəmil Həsənli sədrlik edir. Qurumun liderlərindən biri AXCP sədri Əli Kərimlidir.
Mərkəzi Seçki Komissiyasının ilkin hesabatına görə, 15 ildir dövlət başçısı postunu tutan İlham Əliyev 11 aprel seçkisində 86 faiz səslə dördüncü dəfə prezident seçilib. Prezidentliyə digər iddiaçıların maksimal göstəricisi 3 faizdən bir qədər çox göstərilib.