11 aprel prezident seçkisinin səsvermə mərhələsi davam edir. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı İlham Əliyev Bakıda, Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.
56 yaşlı İlham Əliyev 15 ildir prezident postunu tutur.
Novator.az bildirir ki, İlham Əliyev 1961-ci ildə Bakı şəhərində anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (1982-ci il) və həmin təhsil müəssisəsinin aspiranturasını (1985-ci il) bitirib, tarix elmləri namizədidir.
İlham Əliyev 1990-cı ilədək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub, sonra özəl biznes sahəsində çalışıb.
1994-cü ildən İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, 1997-ci ildən birinci vitse-prezidenti postunu tutub, 1995-2003-cü illərdə Milli Məclisin deputatı olub.
2003-cü ildə baş nazir vəzifəsinə təyin edilən İlham Əliyev həmin il oktyabrın 15-də, 2008-ci il oktyabrın 15-də və 2013-cü il oktyabrın 9-da prezident seçilib.
İlham Əliyevin atası Heydər Əliyev 1969-1982-ci (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi) və 1993-2003-cü illərdə (əvvəl Milli Məclisin sədri, sonra prezident) Azərbaycana rəhbərlik edib.
Növbəti prezident seçkisi bu il oktyabrın 17-də keçirilməli idi. Fevralın 5-də imzalanan prezident sərəncamı ilə aprelin 11-nə növbədənkənar seçki təyin olunub.
Prezidentliyə daha 7 namizəd iddia edir: deputatlar Araz Əlizadə, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Zahid Oruc, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, siyasətçi Razi Nurullayev.
Namizəd səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxunun səsi ilə prezident seçilmiş sayılır. Seçki Məcəlləsinə görə, Mərkəzi Seçki Komissiyası aprelin 11-dən başlayaraq uzağı 10 gün ərzində prezident seçkisinə yekun vurub nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi nəticələri təsdiqləyəndən uzağı 3 gün sonra yeni seçilmiş prezident and içərək səlahiyyətlərinin icrasına başlamalıdır.
2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.