Maliyyə Nazirliyi dövlət büdcəsinin 2018-ci ilin birinci rübündə icrasına dair arayış yayıb. Novator.az bildirir ki, hesabata görə, yanvar-mart aylarında büdcənin mədaxili 4 milyard 562,9 milyon manat, xərcləri 4 milyard 408 milyon manat olub, 154,9 milyon manat məbləğində artıqlıq yaranıb.
Mədaxilin proqnoza qarşı 3 faiz çox olduğu vurğulanır: “Vergilər Nazirliyindən 1 milyard 436,5 milyon manat vəsait daxil olub, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çoxdur. Həmin vəsaitin 67,5 faizi qeyri-neft sektorundan daxilolmaların payına düşür.
2018-ci ilin birinci rübündə Dövlət Gömrük Komitəsindən büdcəyə ötən ilin eyni dövrü ilə müqayisədə 27,3 faiz çox, 726,9 milyon manat vəsait təmin edilib”.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 79,3 milyon manat, digər daxilolmalar 21,2 milyon manat göstərilir.
Hesabata əsasən, Dövlət Neft Fondundan büdcəyə 2 milyard 299 milyon manat vəsait transfert edilib.
Maliyyə Nazirliyi bildirir ki, dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 108,8 faiz icra olunub: “Bunun 40 faizi sosial xərclərin payına düşür. Büdcə xərclərinin 52,2 faizi cari xərclərə, 36,9 faizi əsaslı xərclərə, 10,9 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib”.