Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyan Serj Sərkisyanın baş nazirliyə namizədliyini təklif edib.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində anadan olmuş, 2016-cı ildən hökumətə başçılıq edən Karen Karapetyan hakim Respublika Partiyasında sədr Serj Sərkisyanın birinci müavinidir.
Dağlıq Qarabağ bölgəsində doğulan Serj Sərkisyan 1993-cü ildən Ermənistanda rəhbər postlar tutub, 2008 və 2013-cü illərdə prezident seçilib. Bu il aprelin 9-da onun prezident səlahiyyəti sona çatıb. Həmin gün prezident səlahiyyətlərinin icrasına başlayan Armen Sərkisyan hökumətin istefasını qəbul edib. Ölkə tam parlament idarə üsuluna keçdiyi üçün yeni baş naziri Milli Məclis seçəcək.
Aprelin 16-dək parlament fraksiyaları baş nazir postuna namizəd təqdim etməlidir. Baş nazir aprelin 17-də seçiləcək. Bunun üçün 105 nəfərlik parlamentdə səslərin yarıdan çoxunu almaq tələb olunur. Serj Sərkisyanın sədrlik etdiyi Respublika Partiyasının 58, onun hökumət ortağı olan Daşnaksütun Partiyasının 7 mandatı var. Sarukyan bloku parlamentdə 31, “Çıxış” bloku 9 mandatla təmsil olunur.
Parlamentin seçdiyi baş nazir prezident sərəncamı ilə təyin olunmalıdır. Novator.az bildirir ki, konstitusiyaya görə, Nazirlər Kabineti icra hakimiyyətinin ali orqanıdır, daxili və xarici siyasəti formalaşdırır, dövlət idarəçiliyinə ümumi rəhbərliyi həyata keçirir. Silahlı Qüvvələr hökumətə tabedir. Müharibə zamanı ali baş komandan funksiyası baş nazirə keçir. Ali vəzifəli şəxs olan Silahlı Qüvvələrin Baş Qərargah rəisini baş nazirin təqdimatı ilə prezident təyin edir.
Dağlıq Qarabağ bölgəsində doğulmuş Robert Köçəryan 1998-2008-ci illərdə Ermənistan prezidenti postunu tutub. Hazırda Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olan Movses Akopyan da Dağlıq Qarabağ bölgəsindəndir.