11 aprel prezident seçkisinin təşviqat mərhələsi başa çatıb. Martın 19-dan aprelin 10-dək davam etmiş kampaniya zamanı ödənişsiz təşviqat İctimai Televiziya və Radio Yayımları Şirkətində, “Azərbaycan”, “Bakinski raboçi” qəzetlərində və “Xalq qəzeti”ndə aparılıb.
Namizədlərə İctimai Televiziya və Radio Yayımları Şirkəti ödənişsiz efir vaxtı ayırıb. Martın 19-dan aprelin 3-dək həftədə üç dəfə hər namizədin 7 dəqiqə 30 saniyə televiziyada, 7 dəqiqə 30 saniyə radioda təşviqat aparmaq imkanı olub.
Ödənişli təşviqata 34 media orqanı (14 sayt, 9 qəzet, 6 televiziya, 5 agentlik) qoşulub.
Novator.az bildirir ki, Mərkəzi Seçki Komissiyası 60 təşkilatı, 59 ölkəni təmsil edən 890 beynəlxalq müşahidəçi qeydə alınıb. Yerli müşahidəçilərin sayı 58175-dir.
Seçki komissiyalarına 5253 məşvərətçi səs hüquqlu üzv təyin olunub. 125 dairəni əhatə edən seçki məntəqələrinin 5426-sı daimi, 215-i müvəqqəti məntəqədir.
11 aprel seçkisi ümumxalq səsverməsi ilə səkkizinci prezident seçkisidir. 1991-ci ildə Ayaz Mütəllibov, 1992-ci ildə Əbülfəz Elçibəy, 1993 və 1998-ci illərdə Heydər Əliyev, 2003, 2008 və 2013-cü illərdə İlham Əliyev prezident seçilib.
Azərbaycan 1990-cı ildə prezident idarə üsuluna keçib. İlk prezident – Ayaz Mütəllibov həmin il mayın 18-də parlamentdə dövlət başçısı mandatı alıb.
Növbəti prezident seçkisi bu il oktyabrın 17-də keçirilməli idi. Fevralın 5-də imzalanan prezident sərəncamı ilə aprelin 11-nə növbədənkənar seçki təyin olunub.
Prezidentliyə 8 namizəd iddia edir: dövlət başçısı İlham Əliyev, deputatlar Araz Əlizadə, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Zahid Oruc, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, siyasətçi Razi Nurullayev.
Namizəd səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxunun səsi ilə prezident seçilmiş sayılır. Seçki Məcəlləsinə görə, Mərkəzi Seçki Komissiyası aprelin 11-dən başlayaraq uzağı 10 gün ərzində prezident seçkisinə yekun vurub nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi nəticələri təsdiqləyəndən uzağı 3 gün sonra yeni seçilmiş prezident and içərək səlahiyyətlərinin icrasına başlamalıdır.