“Ermənistana sanksiyalar tətbiq edilsə idi, münaqişə çoxdan öz həllini tapmış olardı”. Aprelin 5-i Bakıda, Qoşulmama Hərəkatının nazirlər konfransında çıxış edən prezident İlham Əliyev belə deyib.
Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub. Qurumda 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat isə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.
İlham Əliyev çıxışının bir hissəsini Qarabağ məsələsinə həsr edib: “Azərbaycan beynəlxalq hüququn və ədalətin pozulmasının şahidi olub və bunu öz üzərində hiss edib. İyirmi beş ildən artıqdır ki, ölkəmizin ərazisinin bir hissəsi Ermənistanın işğalı altındadır. Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonumuz erməni işğalı altındadır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal edilib. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bizim xalqa qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Həmin soyqırımı dünyanın 10 dövləti tanıyıb. Ümidvaram ki, üzv dövlətlər də bu məsələni müzakirə edəcək və insanlığa qarşı olan həmin cinayətlə bağlı mövqelərini bildirəcəklər. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq vəhşicəsinə işgəncəyə məruz qalıb və qətlə yetirilib. Minlərlə insan yaralanıb və ya itkin düşüb. Bu, insanlığa qarşı olan bir cinayətdir.
Təəssüf ki, işğal bu günə qədər davam edir. Fürsətdən istifadə edərək Qoşulmama Hərəkatının üzv dövlətlərinə, bu ailəyə təşəkkürümü bildirirəm ki, təşkilatımızın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamədə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə edilib. Biz bu dəstəyə görə çox minnətdarıq. Digər təşkilatlar da oxşar qətnamələr qəbul ediblər.
BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib ki, orada Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Təəssüf ki, həmin qətnamələr həyata keçirilməyib, çünki icra mexanizmi mövcud deyil. İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT və digər aparıcı təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edən qətnamə və qərarlar qəbul ediblər, lakin onlar icra olunmayıb.
Təəssüflər olsun ki, beynəlxalq hüququn kobud şəkildə pozulması və ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına baxmayaraq, bu ölkə sanksiyalara məruz qalmayıb. Münaqişənin əvvəlində Ermənistana qarşı sanksiyalar tətbiq edilsə idi, düşünürəm ki, münaqişə çoxdan öz həllini tapmış olardı. Yəni biz münaqişənin beynəlxalq hüququn normaları, Azərbaycanın suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipinə əsasən həllinin tərəfdarıyıq.
İşğal olunmuş ərazilər tamamilə viran edilib. ATƏT faktların toplanması məqsədilə oraya iki dəfə araşdırıcı missiya göndərib və onların hesabatlarına əsasən, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz, məzarlıqlarımız və muzeylərimiz dağıdılıb. Bu, bizim mədəniyyətimizə qarşı olan cinayətdir. Azərbaycan ərazisinin işğalına son qoyulmalıdır və yalnız ondan sonra regionda sülh bərqərar oluna bilər.
Ermənistan ölkədə ksenofobiya bəsləyir, bu, bir monoetnik dövlətdir. Orada heç bir başqa millət yaşamır və Ermənistan əhalisinin 99,9 faizi ermənilərdən ibarətdir. Bu ölkədə yaşayan azərbaycanlılar və digər millətlərin nümayəndələri orada etnik təmizləməyə məruz qalıblar”.