Bakı Apellyasiya Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) işçisi Seymur Qarayev barəsində çıxarılan hökmdən şikayətə baxılması prosesi yekunlaşıb.
Xatırladaq ki, 2016-cı il fevralın 14-də AZAL-ın işçisi Seymur Vidadi oğlu Qarayev idarə etdiyi “GAC” markalı 99-AD-434 qeydiyyat nişanlı avtomobillə Bakının Ziya Bünyadov prospektində yolu piyada keçmək istəyən Laçın rayonunun Oğuldərə kənd sakini, Qarabağ müharibəsi veteranı Əli Əliyevi və Neftçala rayon sakini Əliəsgər Talıbovu vurub.
Əliəsgər Talıbov bir müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb.
Qəza anından koma vəziyyətinə düşən Əli Əliyev isə 504 gün ərzində paytaxtın müxtəlif klinikalarında müalicə olunub. Onun müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, “Avrasiya” hospitalında 59050 (mərhumun ailəsinin bu xəstəxanaya əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib.
Əli Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.
Müalicə xərclərindən əlavə onun dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub. Göstərilən məbləğlərlə bərabər zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən məhkəmədə 15000 manat kompensasiya tələb edib. Beləliklə, zərərçəkmişin ailəsinin mülki iddiası ümumilikdə 166 min 531 manat həcmində olub.
Cinayət işinə Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə Seymur Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib, heç yerə getməməklə bağlı polis nəzarəti qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Nərimanov Rayon Məhkəməsi zərərçəkmişin hüquqi varisi İmdad Əlizadənin mülki iddiasını qismən təmin edib. Belə ki, İmdad Əlizadənin 166 min 531 manatlıq mülki iddiasından yalnız 23 min manatı (20 min maddi ziyana, 3 min mənəvi ziyana görə) təmin olunub.
Hökmdən narazı qalan İmdad Əlizadə apellyasiya şikayəti verib. O, Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökmün dəyişdirilməsini, Seymur Qarayevin cəzasının ağırlaşdırılmasını istəyib. İmdad Əlizadə həmçinin mülki iddiasının tam təmin edilməsini tələb edib.
Tanınmış jurnalist İmdad Əlizadə Əli Əliyevin altı övladından biridir.
Novator.az-ın məlumatına görə, İmdad Əlizadənin Nərimanov Rayon Məhkəməsinin hökmündən verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılıb. Qərar 2018-ci il aprelin 3-də elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Təqsirləndirilən şəxsin (Seymur Qarayev) cəzası azaldılıb, onun maddi və mənəvi ziyana görə ödəməli olduğu təzminatın həcmi isə artırılıb. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Seymur Qarayevin cəzası 4 il 11 ay 28 günlük həbsdən 4 il 6 aya endirilib. Onun ödəməli olduğu təzminatın həcmi isə 23 min manatdan 120 min 931 manata qaldırılıb.
Beləliklə, İmdad Əlizadənin apellyasiya şikayəti qismən təmin edilib. Xatırladaq ki, İmdad Əlizadə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsini və 166 min manatlıq mülki iddiasının tam təmin olunmasını istəyirdi.
Bakı Apellyasiya Məhkəməsi mülki iddianın yalnız mərhum Əli Əliyevin vaxtilə Mərkəzi Klinik Xəstəxanada və “Avrasiya” hospitalında müalicəsinə sərf olunan hissəsini təmin edib. Məhkəmə təyin etdiyi 120 min 931 manatlıq təzminatın 3 min manatını isə mənəvi zərərin əvəzi kimi müəyyənləşdirib.
Apellyasiya instansiyası belə nəticəyə gəlib ki, mərhum Əli Əliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) və Bakı Sağlamlıq Mərkəzində müalicəsinə sərf edilən vəsaitin, eyni zamanda yas mərasimi üçün çəkilən xərclərin qəbzləri məhkəməyə təqdim edilməyib. Bu səbəbdən məhkəmə mülki iddianın həmin hissəsini baxılmamış saxlayıb.
İmdad Əlizadə Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı olduğunu və Ali Məhkəməyə kassasiya şikayəti verəcəyini bildirib. O deyib ki, mülki iddiasının tam təmin edilməsində və təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasında israrlıdır.
Əli Əliyev 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib.
Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Əli Əliyevin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün mühasirədə” adlı sənədli film çəkilib. Əli Əliyev həmçinin “54 gün erməni mühasirəsində” kitabının müəllifidir.