Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Kəlbəcərin işğalı və aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanat verib. Bəyanatda deyilir: “Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin, təcavüz və işğal siyasətinin tərkib hissəsi olaraq 1993-cü il aprelin 2-də Kəlbəcər rayonu işğal olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi xaricində yerləşən Kəlbəcərin işğalı üçün hücum əməliyyatı əsasən Ermənistan ərazisindən həyata keçirilib, hücumda ağır artilleriya, helikopterlər və hərbi təyyarələrdən istifadə edilib.
İşğal nəticəsində 60 min nəfərə yaxın Kəlbəcər sakini etnik təmizləməyə məruz qalaraq öz doğma torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. Hazırda sayı 70 min nəfəri ötən Kəlbəcər sakinləri Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşayır”.
Rəsmi Bakının sözçüsü bildirir ki, Ermənistan Kəlbəcər rayonu ərazisində məskunlaşdırma aparır və demoqrafik tərkib dəyişdirilir: “BMT Təhlükəsizlik Şurası sədrinin 6 aprel 1993-cü il bəyanatının ardınca Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul edilib. Qətnamədə ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbuledilməzliyi vurğulanıb, işğalçı qüvvələrin dərhal Kəlbəcərdən və digər rayonlardan çıxarılması tələbi qoyulub. 822 saylı qətnamənin qəbulundan sonra ATƏT-in Minsk qrupu Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün “təcili tədbirlər haqqında vaxt cədvəli” hazırlayıb. Ancaq Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmayıb, əksinə, Ağdam, Cəbrayıl, Qubadlı, Fizuli və Zəngilan rayonları işğala məruz qalıb. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 853, 874 və 884 saylı qətnamələr də qəbul edib. Onların da Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə tələbləri yerinə yetirilmir”.
Hikmət Hacıyev qeyd edir ki, 2 aprel 2016-cı ildə qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi və Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca sıx yaşayan mülki əhalini ağır silahlardan atəşə tutmasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin əks-həmlə tədbirləri nəticəsində mülki Azərbaycan əhalisinin təhlükəsizliyi təmin edilib və strateji əhəmiyyət daşıyan Azərbaycan əraziləri işğaldan azad olunub: “Ermənistan başa düşməlidir ki, Kəlbəcər də daxil olmaqla Azərbaycan ərazilərinin işğalı müvəqqəti xarakter daşıyır. Davamlı və uzunmüddətli nizamlanmaya nail olmağın yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsidir. Ermənistan tərəfi əbəs yerə vaxt itirmək və öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə təcavüz və etnik təmizləmə siyasətinə son qoymalı, beynəlxalq öhdəliklərinə əməl etməli və münaqişənin nizamlanması prosesinə konstruktiv şəkildə iştirak etməlidir”.