Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı 2016-cı ilin aprel döyüşləri ilə bağlı məqalə yazıb. O qeyd edir ki, 2016-cı il aprelin 2-dən 5-dək cəbhə xəttində gərginliyin artmasının və Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatlar törətmək cəhdinin qarşı tərəfdən əvvəlcədən planlaşdırılması şübhəsizdir: “Hadisələrin səbəb və nəticələrini təhlil edərkən məhz bu tarixlər çərçivəsində deyil, bir qədər əvvələ baxmaqla qoşunların təmas xəttində Ermənistanın təxribatlar törətmək üçün istənilən məqamdan istifadə etməsinin şahidi oluruq. 2014-cü ilin oktyabrında Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündən dərhal sonra Ermənistan işğal olunmuş ərazilərimizdə 46 min nəfərdən artıq şəxsi heyətin və 5 mindən çox texnikanın iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçirdi. Məhz bu təlimlərdə Ermənistanın Erebuni hərbi bazasında dislokasiya olunan “Mi-24” tipli helikopteri açıq şəkildə mövqelərimizə hücum çəkdi və bölmələrimiz onu məhv etdi. Ermənistan bu dövrdən başlayaraq cəbhə xəttində, eləcə də dövlət sərhədində məqsədyönlü şəkildə gərginliyi artırır və təxribatlar törətməyi davam etdirirdi. Hətta əsas hədəf kimi dövlət sərhədi seçilmişdi, bu da Ermənistanın münaqişəyə üçüncü dövləti cəlb etmək məqsədi daşıyırdı.
Eyni zamanda hələ 2015-ci ilin əvvəllərindən Ermənistanın hərbi doktrinasında əsaslı dəyişikliklərin aparılması prosesi başladı. Ermənistanın siyasi və hərbi rəhbərliyində olan müxtəlif şəxslər qondarma “Dağlıq Qarabağ Respublikası” ətrafındakı “təhlükəsizlik qurşağı”nın genişləndirilməsi məsələsini gündəmə gətirərək gələcək işğalçılıq fəaliyyətləri üçün ideoloji zəmin yaratmağa cəhd göstərirdilər.
2015-ci ilin payızından fəallaşan Ermənistan ordusu qoşunların təmas xətti boyunca yerləşən mövqelərimizi və cəbhə yaxınlığındakı yaşayış məntəqələrini intensiv atəşə tuturdu. Düşmən cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə dəfələrlə kəşfiyyat-təxribat fəaliyyətinə cəhd göstərirdi.
2016-cı il martın ortalarından başlayaraq Ermənistanın silahlı qüvvələri təxribatlarını artıraraq sərhədyanı yaşayış məntəqələrinin və təmas xəttinin bilavasitə yaxınlığında yerləşən kəndlərin dinc əhalisinin atəşə tutulmasını daha da gücləndirdi. Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı silahlardan, qumbaraatan, minaatan, eləcə də 120 millimetrdən yuxarı artilleriya sistemlərindən istifadə etməyə başladı. Azərbaycan Ordusunun bölmələri hər dəfə düşmənə zərbə vuraraq onu canlı qüvvə və döyüş texnikası sarıdan itkiyə məruz qoyurdu.
Hərbi cəhətdən iflasa uğrayan Ermənistanın kriminal hərbi siyasi-rejimi cəbhədəki uğursuzluqlarının əvəzini çıxmaq məqsədilə növbəti dəfə təxribat törətməyə cəhd göstərdi. 2016-cı il aprelin 2-nə keçən gecə bütün cəbhə boyu mövqelərimiz müxtəlif silahlardan intensiv atəşə tutuldu. Eyni zamanda qoşunların təmas xəttinə yaxın bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qaldı.
Qarşı tərəfin hərbi fəallığını genişləndirməsinə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə dərhal cavab tədbirlərinin görülməsi barədə qərar qəbul olundu. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində yerləşən hərbi hissələr, artilleriya bölmələri və digər qoşun növlərinin birgə əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistanın silahlı bölmələrinə qarşı cavab tədbirləri görüldü. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları müəyyənləşdirildi. Atəş gücü vasitəsilə edilən həmlələrimiz nəticəsində düşmənin döyüş texnikası, canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarıldı. Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri qabaqlayıcı zərbələrlə dağıdıldı.
Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımızın həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu bəzi kəndlərin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi.
Ermənistan silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Bizdə olan məlumatlara görə, düşmənin 320-dən artıq hərbçisi məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanması imkanı əldə edildi. 2000 hektardan artıq ərazi azad edildi və daha çox ərazi əməliyyat baxımından ordumuzun nəzarəti altına keçdi.
Ermənistan əlavə hərbi qüvvə, o cümlədən könüllü adı altında dünyanın müxtəlif qaynar nöqtələrindən muzdlu döyüşçülər gətirməklə itirdiyi ərazilərin geri qaytarılmasına dəfələrlə cəhd göstərdi, lakin hər dəfə tutarlı cavab alaraq geri oturduldu”.