“Kanal 13” internet televiziyasının həbsdə olan direktoru Əziz Orucovun səhhətində problem yaranıb.
Azadliq.info-nun jurnalistin xanımı Lamiyə Orucovaya istinadla verdiyi xəbərə görə, Əziz Orucovun böyrək ağrıları artıb, öz növbəsində həmin ağrılar qan təzyiqinin yüksəlməsinə səbəb olub: “Bu azmış kimi ürəyində də problemlər yaranıb. Sol qolunda uyuşmalar yaranıb, döş qəfəsində kəskin küt ağrılar baş qaldırıb”.
Lamiyə Orucova Əzizlə martın 29-da telefonla danışıb. Telefon söhbəti zamanı jurnalist xanımından ona dərman preparatlarının gətirilməsini istəyib.
Penitensiar Xidmət Əziz Orucovun səhhəyi ilə bağlı məlumata hələ münasibət bildirməyib.
Əziz Orucov 2017-ci il mayın 2-dən həbsdədir. Əvvəlcə o, polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. İnzibati həbsin sona çatmasına az qalmış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona cinayət işi başlanıb, haqqında həbs qətimkan tədbiri seçilib. Dekabrın 15-də isə Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalisti dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli miqdarda qanunsuz gəlir əldə etməkdə təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.