Mətbuat Şurası martın 30-u Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: mənfi meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda müzakirə təşkil edib.
APA-nın məlumatına görə, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında deyib ki, Azərbaycan hakimiyyətinin sosial şəbəkələrə pozitiv münasibəti, bu seqmentdən geniş istifadə üçün yaratdığı hərtərəfli şərait qarşısında bəzi dairələrin mövcud imkanlardan sui-istifadə cəhdləri var: “Müəyyən xarici qüvvələrin və daxili siyasi qrupların Azərbaycan hakimiyyətinə, bir çox hallarda isə bütövlükdə Azərbaycan dövlətinə qarşı davamlı olaraq iyrənc kampaniya aparması bunu açıq şəkildə göstərir. Ayrı-ayrı vaxtlarda təşkil olunan kampaniyaların təşkilatçıları və iştirakçıları ölkədəki dünyəvi rejimi, etnik-dini münasibətlər sistemini hədəf götürür, ölkəmizin adının belə “tarixi səhv” nəticəsində yarandığı haqda uydurmalar yayırlar. Məqsədyönlü şəkildə açılmış, fərqli radikal dini qrupların, separatçı dərnəklərin nəzarətində olan səhifələr ölkədəki tolerant mühiti, ən böyük qazancımız və inkişafımızın rəhni olan sabitliyi hədəfə alırlar. Sirr deyil ki, bu çevrələr, dərnəklər, qruplar bəzi qonşu dövlətlərin, xüsusən Ermənistanın məkrli mərkəzlərinin təsiri altındadır.
2015-ci ildən üzü bəri dövlət başçısının şəxsiyyətinə, ailə üzvlərinə, komandasına, vəzifəli şəxslərin ailə üzvlərinə qarşı aparılan çirkin kampaniya anti-Azərbaycan mərkəzlərin fəaliyyəti ilə sinxronluq təşkil edir. Bu ardıcıllıq hətta böyük informasiya axınına çıxışı olmayan sıravi, amma diqqətli vətəndaşlarda belə koordinasiyalı fəaliyyət təəssüratı yaradır. İnformasiyalara çıxış olan dövlət adamları, ictimai xadimlər, media nümayəndələri üçün isə bu, sadəcə təəssürat deyil, real faktdır.
Son zamanlar, xüsusən də Azərbaycanda növbəti prezident seçkisi 11 aprelə təyin olunandan sonra bəhs olunan mərkəzlər məkrli “Azərbaycan layihəsi”ni dövriyyəyə buraxaraq bu işə xarici ölkələrdə müxtəlif vasitələrlə öz təsirləri altında saxladıqları bəzi soydaşlarımızı qoşublar. Qısa zaman kəsiyində bu çirkin kampaniya ifrat həddə çatdığına görə ölkənin informasiya siyasətinə, diaspor nümayəndələri ilə əlaqələrə məsul şəxs kimi mən mövcud durumun kəskinliyi barədə xüsusi bəyanatla çıxış etdim və ölkə ictimaiyyətini məlumatlandırdım. Fevralın sonunda Niderlandda diaspor nümayəndələri ilə görüşdə, martın əvvəlində isə jurnalistlərin qurultayındakı çıxışımda mən üzümü bu kampaniyanı təşkil edənlərə və icraçılara tutaraq belə antimilli fəaliyyətin Azərbaycan cəmiyyətində heç zaman dəstəklənməyəcəyini bəyan etdim. Bunun ardınca Mətbuat Şurasının 15 illik yubileyində bir daha bu fəaliyyəti başlayanlara və icraçılara çağırış etdim. Amma təəssüf edirəm ki, onlar bu çirkin fəaliyyəti dayandırmadılar. Novruz bayramı günü mən yenidən, bu dəfə özlərini bizim hakimiyyətə opponent hesab edən qrupların sevimli platforması sayılan “Facebook” vasitəsilə çıxış etdim”.
Əli Həsənov qeyd edib ki, onun özü də hədəfə alınıb: “Qaragüruhçu ünsürlər prezidentin köməkçisi olaraq mənim üstümə tökülüşüblər, özümü və ailəmi bacardıqları kimi, malik olduqları tərbiyə çərçivəsində təhqir edirlər, ünvanıma hər cür çirkab yağdırırlar. Nə etməli ki, onların sırasında vaxtilə mənə minnətdarlıq ifadə edən, gəlişigözəl sözlər söyləyən insanlar da var. Bəziləri mənim çıxışımdan sonra, hətta “söyüş atəşləri”nə moratorium qoyduqlarını bildirdilər. Lakin əsas odur ki, bu günlərdə həm ölkə daxilində, həm də xaricdə hər kəs anladı ki, Azərbaycan cəmiyyətinin, xüsusən də ziyalı təbəqəsinin, milli elitanın dəstəkləmədiyi hər hansı bir fəaliyyət məğlubiyyətə məhkumdur.
Son günlərin müzakirələri həm də xaricdə oturub anti-Azərbaycan dairələrin aləti qismində çıxış edənlərin, söyüş makinasına yem olanların iç üzünü də açdı və cəmiyyətə tanıtdırdı. O da göründü ki, Azərbaycanın daxilində oturub çirkin söyüş müxalifətini dəstəkləyənlər, onların mənəviyyatsız əməllərini bəzi hakimiyyət dairələrinin adına yazaraq prezidentin komandasında qarşıdurma yaratmaq istəyənlər daha ziyanlı mənəviyyat sahibidirlər. Bu müzakirələrdən sonra əvvəllər barışdırıcı kimi görünməyə çalışanların çıxışlarında, təhlillərində bir həqiqət etiraf olunmağa başlayıb – hədəf sadəcə prezident və onun ailə üzvləri, komandası, o komanda üzvlərindən biri olan mən – Əli Həsənov deyil. Məqsəd Şərq mentalitetinin incəliyinə hesablanıb – hədəf birinci şəxsin və komandasının müsbət imicini zədələməklə, onlara qarşı kütləvi narazılıq ovqatı formalaşdırmaqla, komandadaxili qarşıdurma yaratmaqla ölkədəki mövcud sabitliyi pozmağa nail olmaqdır”.