“İran-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir”. Martın 28-də Azərbaycana rəsmi səfərə gələn prezident Həsən Ruhani ilə görüşən dövlət başçısı İlham Əliyev jurnalistlərə belə deyib.
İlham Əliyev və Həsən Ruhani əvvəl təkbətək, sonra nümayəndə heyətlərinin iştirakı ilə bir araya gəliblər. AZƏRTAC ikinci görüşün ardından bu sənədlərin imzalandığını xəbər verir: “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi arasında əməkdaşlıq haqqında icra proqramı”; “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında anlaşma memorandumunun 2018-2019-cu illər üzrə icra planı”; “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2018-2021-ci illər üçün mədəniyyət və incəsənət üzrə mübadilə proqramı”; “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumuna dair fəaliyyət proqramı”; “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında anlaşma memorandumu”; “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə İran İslam Respublikasının Sənaye, Mədən və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında anlaşma memorandumu”; “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu”; “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında saziş”.
Sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. İlham Əliyev deyib ki, son dörd ildə Həsən Ruhani ilə 11-ci dəfədir görüşür: “Bu rəqəm özlüyündə bir göstəricidir. Mən son dörd il ərzində dörd dəfə İrana səfər etmişəm, bu isə cənab Həsən Ruhaninin Azərbaycana üçüncü səfəridir. Biz beynəlxalq tədbirlər çərçivəsində də görüşmüşük və bütün görüşlərin böyük mənası, əhəmiyyəti var. Görüşlər zamanı əldə etdiyimiz razılaşmalar icra edilir, yaxşı nəticələr verir. Son dörd il ərzində bir çox önəmli sənəd imzalanıb və İran-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafına böyük təkan verib.
Biz beynəlxalq arenada da fəal əməkdaşlıq edirik, bir-birimizi daim dəstəkləyirik. BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində daim bir-birimizə dəstək göstəririk.
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması ilə bağlı İran daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və beynəlxalq təşkilatlarda öz səsini qəbul edilmiş qətnamələrə verir. Ona görə biz İrana çox minnətdarıq. Azərbaycan da bütün beynəlxalq məsələlərdə daim İranın yanındadır.
Biz iqtisadi sahədə əməkdaşlığı dərinləşdiririk, qarşılıqlı sərmayə qoyuluşu prosesi başlayıb. İran Azərbaycana, Azərbaycan İrana sərmayə qoyur və bu sərmayə qoyuluşu hər iki tərəfin maraqlarına xidmət göstərir. Əminəm ki, bu səfərdən sonra, – biz bu gün bu barədə də danışmışıq, – əlavə sərmayə qoyuluşunun təşkili nəzərdə tutulacaq. Ticarət dövriyyəsinin gələcəkdə artırılması istiqamətində bu gün müvafiq qurumlara tapşırıqlar verildi və ümid edirəm ki, biz bunun şahidi olacağıq.
Bu gün bir çox sənəd imzalanıb, onların arasında iki sənədi xüsusilə qeyd etmək istərdim. Bunlar Xəzər dənizində birgə işləməyimizlə və Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı olan sənədlərdir. Bu sənədlər tarixi əhəmiyyət daşıyır. Çünki bu sənədlərin reallaşması nəticəsində həm Xəzər dənizində, həm nəqliyyat sahəsində bizim əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq və bu, regional əməkdaşlığa da çox müsbət təsir göstərəcək”.
Dövlət başçısı deyib ki, bu yaxınlarda qəbul edilmiş qərara əsasən, İran vətəndaşları Azərbaycanda vizaları aeroportlarda alacaqlar: “Artıq bu proses başlayıb, yəni sadələşdirilmiş viza rejimi həm bizim dostluğumuzu əks etdirir, eyni zamanda turistlərin axınını şərtləndirir. Hər il Azərbaycandan 100 minlərlə insan İrana səfər edir və şadam ki, son müddət ərzində İrandan Azərbaycana da gələn turistlərin sayı artır. Əgər 2016-cı ildə 240 min İran vətəndaşı gəlmişdisə, keçən il bu rəqəm 360 minə çatıb.
Biz bu gün digər sahələrdəki əməkdaşlıq haqqında da fikir mübadiləsi apardıq. Bu günə qədər həll olunmayan məsələlər haqqında da çox müzakirə apardıq, o cümlədən bank sektorunda və digər sahələrdə əməkdaşlıq üçün gələcəkdə addımlar atılmalıdır. Ancaq son dörd il ərzindəki birgə fəaliyyətimiz göstərir ki, biz nə qərar qəbul etmişiksə, onu da icra edirik və bunun nəticəsində bu gün İran-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir”.
Həsən Ruhani bəyanatında Qarabağ probleminə toxunub, məsələnin siyasi yolla tənzimlənməli olduğunu vurğulayıb: “Azərbaycan və Ermənistan dövlətlərinin səyi ilə biz bölgədə möhkəm sabitliyin bərqərar olmasının şahidi olmaq istəyirik. Biz şadıq ki, bu müstəvidə diplomatik səylər göstərilir. Bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir. Dünya ictimaiyyətinin hörmətlə yanaşdığı beynəlxalq prinsiplər məsələnin həlli üçün alətə çevrilməlidir”.