“Azərbaycanın hər bir şəhərində ən yüksək tibbi şərait yaradılır”. Martın 27-si Bakının Nizami rayonunda Bona Dea Beynəlxalq Hospitalının açılışına qatılan prezident İlham Əliyev kollektivlə görüşdə belə deyib.
Stasionar və diaqnostik hissələrdən ibarət 206 çarpayılıq hospitalda ürək-damar cərrahiyyəsi, invaziv-kardiologiya, mama-ginekologiya, neonatologiya, pediatriya, təcili tibbi yardım, reanimasiya, süni mayalanma, ümumi cərrahiyyə, ortopediya-travmatologiya, neyrocərrahiyyə, qulaq, burun və boğaz xəstəlikləri, göz xəstəlikləri, urologiya, anesteziologiya, daxili xəstəliklər, qastroenterologiya, nevrologiya, şüa diaqnostikası, tibbi laboratoriyalar, onkologiya, stomatologiya, qan bankı, fizioterapiya-reabilitasiya, mərkəzi sterilizasiya kimi bütün əsas tibbi xidmət sahələri fəaliyyət göstərəcək.
Hospitalda ümumilikdə 850 nəfərdən ibarət tibbi heyətin işləməsi nəzərdə tutulur. 22 həkim və 30 orta tibb heyəti Avropadan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislərdir.
Xəstəxanadakı tibbi avadanlıq ABŞ, Almaniya, Yaponiya, İtaliya, Fransa, İngiltərə, İsveç, Belçika və İspaniyanın aparıcı şirkətlərinin istehsalıdır.
Tibb ocağının kollektivi ilə görüşdə İlham Əliyev deyib ki, belə bir xəstəxananın açılması ölkənin ümumi inkişafının göstəricisidir: “Ancaq sürətli inkişaf edən ölkələrdə belə gözəl tibb ocaqları yaradılır. Hesab edirəm ki, bu xəstəxana nəinki Azərbaycanın, regionun ən qabaqcıl xəstəxanalarından biri olacaq, bəlkə də birincisi olacaq. Ümid edirəm ki, gün gələcək və turistlər Azərbaycana həm də tibbi xidmət almaq üçün gələcəklər. Yəni bu xəstəxanada yaradılan şərait belə imkanları təmin edir. Burada Azərbaycan vətəndaşlarına yüksək tibbi xidmət göstəriləcək. Ölkəmizə gələn qonaqlar da, əminəm ki, bu imkanlardan istifadə edəcəklər.
Son illərdə Azərbaycanda 600-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir edilib. Biz səhiyyə sisteminin maddi-texniki bazasını böyük dərəcədə gücləndirə bilmişik. Təkcə bu il 6 şəhərdə yeni xəstəxana tikiləcək. Beləliklə, Azərbaycanın hər bir şəhərində ən yüksək tibbi şərait yaradılır. 600-dən çox xəstəxananın, tibb müəssisəsinin yaradılması, əlbəttə ki, böyük vəsait tələb edir. Azərbaycan dövləti bu vəsaiti ayırır.
Səhiyyə sisteminin təkmilləşdirilməsi bizim üçün prioritet məsələdir. Çünki insan sağlamlığı hər bir cəmiyyət, hər bir dövlət üçün əsas məsələdir. Son illər ərzində görülmüş işlər nəticəsində insanların ömrünün uzunluğu artır və bu, gözəl göstəricidir. Bu gün Azərbaycanda istənilən xəstəlik müalicə oluna və onun diaqnostikası aparıla bilər. Yəni diaqnostik müayinə, müalicə – bütün bunlar kompleks şəkildə təmin edilir. Bir məsələni də xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm. Bir neçə ildir ki, Azərbaycanda pulsuz tibbi müayinə həyata keçirilir. Hər il beş milyon Azərbaycan vətəndaşı bu xidmətdən istifadə edir. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə bu məsələ öz həllini tapmağa başlayıb. Hazırda növbəti tibbi müayinə davam edir.
Beləliklə, Azərbaycanda sosial sahənin əsas istiqaməti olan səhiyyənin inkişafı üçün çox böyük işlər görülür. Xəstəxanalar tikilir, avadanlıq ən müasir standartlara cavab verir, tibbi xidmətin səviyyəsi artır və belə gözəl əsərlər yaradılır. Həmçinin bu xəstəxanada müalicə işində xarici mütəxəssislər də iştirak edəcəklər. Mənə məlumat verildi ki, daim burada Avropadan, digər ölkələrdən yüksək biliklərə malik olan mütəxəssislər işləyəcəklər”.