Alkoqol insanın daxili orqanları ilə yanaşı zahiri görünüşünə də mənfi təsir göstərir. Novator.az-ın məlumatına görə, tibb ekspertləri bu qənaətdədir. Mütəxəssislər əsasən də qadınların bunu nəzərə almasını tövsiyə edir.
Rsute.ru saytına danışan ekspertlər bir çox qadının stressi azaltmaq üçün şam yeməyi zamanı bir bakal şərab içməsinə diqqət çəkir. Onlar bildirir ki, nadir hallarda bir bakalla məhdudlaşmaq mümkündür.
Mütəxəssislər qeyd edir ki, növündən asılı olmayaraq alkoqollu içki ilk növbədə çəkisini azaltmaq istəyənlər üçün təhlükədir. Çünki spirtli içkinin tərkibində şəkərin səviyyəsi yüksək olur. Məsələn, bir şüşə kəmşirin şərabın gətirdiyi kalorini yandırmaq üçün 40 dəqiqə ürək fəaliyyətini tənzimləyən fiziki hərəkət lazım gəlir.
İkincisi, spirtli içki insanın dərisinə də mənfi təsir edir və burada içkinin keyfiyyətinin heç bir fərqi yoxdur, alkoqol mütləq dərinin qurumasına və vaxtsız qocalmasına səbəb olur.
Mütəxəssislər spirtli içkidən tam imtina edə bilməyənlərə şərab seçimi etməyi məsləhət görür, amma köpüklü şərabın (məsələn, şampan şərabının) bədənə daha güclü və sürətli təsir etdiyini xatırladırlar.
Səidə Hüseynova