“Keçən il sabitləşmə ili olub, bu il isə inkişaf ilidir”. Martın 26-sı Bərdədə, pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edən prezident İlham Əliyev belə deyib.
Ölkə başçısı 2016-cı ildən başlayaraq pambıqçılığa çox ciddi dövlət dəstəyi göstərildiyini vurğulayıb: “Qısa müddət ərzində pambıqçılığın sürətli inkişafına nail ola bilmişik. Demək olar ki, pambıqçılığı bərpa edirik. 2016-cı ildə Sabirabad şəhərində, keçən il isə martın sonunda Saatlı şəhərində müşavirələr keçirilib. Bu müşavirələrdə verilən tapşırıqlar yerinə yetirilir. Biz bu tapşırıqların yerinə yetirilməsi nəticəsində gözəl nailiyyətlərə də çata bilmişik.
Son illər ərzində biz kənd təsərrüfatının inkişafı, xüsusilə ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük nailiyyətlərə imza atmışıq. Bizim son illər ərzində əsas vəzifəmiz ərzaq təhlükəsizliyi məsələləri idi. Çünki sovet vaxtında Azərbaycanda pambıq, üzüm, meyvə-tərəvəz istehsal olunurdu, ancaq əsas ərzaq məhsulları başqa respublikalardan gəlirdi. Ona görə biz ilk növbədə daxili tələbatı yerli məhsullarla təmin etmək üçün işləyirdik, çalışırdıq, investisiyalar qoyulurdu. Hesab edirəm ki, ərzaq təhlükəsizliyi məsələlərinin həllində çox ciddi uğurlara nail olmuşuq.
Bu gün biz ərzaq təhlükəsizliyini şərtləndirən əsas sahələr üzrə ya özümüzü tam təmin edirik, ya da bu hədəfə çox yaxınıq. Ət istehsalı təxminən 100 faizə yaxındır, Azərbaycan özünü təmin edir. Süd istehsalı təqribən 80-85 faizdir. Toyuq əti istehsalı yaxın bir-iki ilə 100 faizə çatacaq və böyük ixrac potensialı yaradılacaq. Yumurta istehsalı – biz indi nəinki özümüzü təmin edirik, həm də ixrac edirik. Yəni bu sahələr prioritet idi.
Texniki bitkilər diqqətdən kənarda qalmışdı. Statistik göstəricilərə baxmaq kifayətdir görək ki, 2015-ci il pambıqçılıq tarixində ən acınacaqlı il olub. Cəmi 18 min hektarda pambıq əkilib və cəmi 35 min ton pambıq tədarük edilib.
2015-ci ilin sonlarından biz bu məsələ ilə ciddi məşğul olmağa başladıq. Qeyd etdiyim kimi, 2016-2017-ci illərdə müşavirələr keçirildi. 2017-ci ildə pambıqçılığın inkişafı ilə bağlı dövlət proqramı qəbul edildi, biz bu işlərlə planlı şəkildə məşğul olmağa başladıq və bu gün gözəl nəticələr haqqında danışa bilərik. İki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 min tona çatıb. Yəni biz iki il ərzində pambığın yığımını altı dəfə artıra bilmişik. Bu da son hədd deyil”.
Prezident qeyd edib ki, qısa müddət ərzində kompleks tədbirlər nəticəsində pambıqçılığın sürətli inkişafına nail olunub: “İndi əsas vəzifə ondan ibarətdir ki, bu müsbət dinamikanı saxlayaq, bunu artıraq və pambıqçılığın gələcək inkişafı ilə bağlı əlavə addımlar ataq. Bu il 22 rayonda pambıq əkiləcək və ümid edirəm ki, bütün bu rayonlarda məhsuldarlıq daha da yüksək olacaq.
Məhsuldarlıqla bağlı bəzi problemlər var və bu problemlər aradan qaldırılmalıdır. Elə etməliyik ki, bütün bu qüsurlar, çatışmazlıqlar ciddi təhlil olunsun və biz bunu edirik. Gələcəkdə bu səhvlərə yol verilməməlidir və bundan sonra Azərbaycanda pambıqçılığın inkişafı yalnız məhsuldarlığın artırılması hesabına təmin edilməlidir. Müsbət təcrübə öyrənilməli və geniş tətbiq edilməlidir. Mənfi təcrübə də ciddi təhlil edilməli və gələcəkdə səhvlərə yol verməmək üçün ciddi tədbirlər görülməlidir. Keçən il orta məhsuldarlıq 15,2 sentnerdir. Əlbəttə ki, bu, bizi qane edə bilməz. Bu, çox aşağı göstəricidir. Baxmayaraq ki, qeyd etdiyim kimi, qısa müddətdə – 2 il ərzində biz pambıq tədarükünü 6 dəfə artıra bilmişik və bu gün 200 min tondan çox pambıq təhvil vermişik, məhsuldarlıq bizi heç cür qane edə bilməz. Əgər biz orta məhsuldarlığı 20 sentner səviyyəsində təmin edə bilsəydik, keçən il 270 min ton pambıq götürə bilərdik”.
İlham Əliyev ölkənin bəzi iqtisadi göstəricilərinə toxunub: “Keçən il iqtisadi sahədə sabitləşmə ili olub, bu il isə inkişaf ilidir. Bu ilin iqtisadi göstəriciləri ürəkaçandır. İki ay ərzində qeyri-neft sənayesi 8 faizdən çox, qeyri-neft sektoru 2,3 faiz, kənd təsərrüfatı 3,4 faiz artıb. O cümlədən bitkiçilik 40 faizdən çox artıb. Bu iqtisadi fəallıq, əlbəttə ki, özəl sektorda iş yerlərinin yaradılmasına xidmət göstərir. Eyni zamanda pambıqçılıqda və kənd təsərrüfatının digər sahələrində çox fəal işlər aparılır. Orada da yeni iş yerləri yaradılır. Artıq bir neçə ildir ki, vətəndaşlar mənim təşəbbüsümlə dövlətin yaratdığı ictimai işlərə cəlb olunurlar. Mənə dünən verilən məlumata görə, təkcə Bərdə şəhərində yüzlərlə insan ictimai işlərə cəlb olunub, digər şəhərlərdə də mənzərə təxminən eynidir. Ona görə biz əmək resurslarımızı bilməliyik. Həm mərkəzi, həm də yerli icra orqanları bunun təhlilini aparmalıdırlar. Biz gələcək iqtisadi inkişafımızı, o cümlədən əkin sahələri ilə bağlı planlarımızı, ümumiyyətlə iqtisadi sahə ilə sənaye sahəsi ilə bağlı planlarımızı əmək resurslarımızın düzgün təhlilinin aparılması üzərində qurmalıyıq.
Bizdə demoqrafik dinamika çox müsbətdir, əhali artır. Yaxın gələcəkdə on milyon səviyyəsinə çatacaq. Bu, böyük üstünlüyümüzdür və biz əmək resurslarımızdan səmərəli şəkildə istifadə etməliyik”.