Rusiyada martın 18-də keçirilmiş prezident seçkisinin ilkin nəticələri bəllidir. Novator.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası 8 namizədin qatıldığı marafonda indiki dövlət başçısı, müstəqil iddiaçı Vladimir Putinin 76,7% səslə önə çıxdığını açıqlayıb. Prezidentə 54,4 milyon rusiyalının səs verdiyi bildirilir.
Pavel Qrudinin (Kommunist Partiyası) 11,8%, Vladimir Jirinovski (Liberal Demokrat Partiyası) 5,7% nəticə göstərir.
Kseniya Sobçakı (Vətəndaş Platforması Partiyası) seçicilərin 1,7%-i, Qriqori Yavlinskini (“Yabloko” Partiyası) 1,1%-ə yaxını dəstəkləyib.
Digər namizədlər 1%-ə də çata bilmir.
Martın 19-da Azərbaycan prezidenti İlham Əliyev Vladimir Putinə təbrik məktubu göndərib. Məktubda bunlar qeyd olunur: “Bu qələbə Sizin yüksək siyasi nüfuzunuzun olduğunu və ölkədə sabitliyin, qanunçuluğun və hüquq qaydalarının təmin edilməsinə, irimiqyaslı islahatların həyata keçirilməsinə, xalqın rifahının yüksəlməsinə kömək edən uzunmüddətli sosial proqramların reallaşmasına yönəldilmiş kursunuzun fəal dəstəkləndiyini təsdiq edir.
Azərbaycanla Rusiyanı çoxəsrlik möhkəm dostluq və mehriban qonşuluq münasibətləri bağlayır. Sevindirici haldır ki, bizim dövlətlərarası münasibətlər bu gün bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Bu münasibətlərin, bütövlükdə Azərbaycanla Rusiya arasında hərtərəfli əməkdaşlığın və qarşılıqlı fəaliyyətin genişlənməsinə Sizin şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm.
Əminəm ki, Azərbaycanla Rusiya arasındakı strateji tərəfdaşlığın daha da möhkəmlənməsi üzrə birgə səylərimiz xalqlarımızın və ölkələrimizin maraqlarına, regionda sülhün, təhlükəsizliyin və tərəqqinin təmin olunmasına bundan sonra da kömək edəcək”.
Vladimir Putin 1952-ci il oktyabrın 7-də Leninqrad (Sankt-Peterburq) şəhərində doğulub. Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini və DTK-nın Moskvadakı 1 saylı Ali Məktəbini bitirib. 1975-1990-cı illərdə təhlükəsizlik orqanlarında çalışıb.
1990-cı ildən Vladimir Putin əvvəl Leninqrad Dövlət Universiteti rektorunun köməkçisi, sonra Leninqrad Şəhər Soveti sədrinin müşaviri postlarını tutub.
1991-ci ildən Sankt-Peterburq meriyasında çalışıb, 1994-cü ildən Sankt-Peterburq hökuməti sədrinin birinci müavini olub.
Vladimir Putin 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru, Təhlükəsizlik Şurasının katibi olub.
1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb.
2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci ildə yenidən prezident seçilib.