Martın 19-u Azərbaycanda 11 aprel prezident seçkisinin təşviqat mərhələsi başlayıb. Ödənişsiz təşviqat İctimai Televiziya və Radio Yayımları Şirkətində, “Azərbaycan”, “Bakinski raboçi” qəzetlərində və “Xalq qəzeti”ndə aparılacaq.
Novator.az-ın məlumatına görə, ödənişli təşviqata 29 media orqanı qoşulub. Mərkəzi Seçki Komissiyası Report.az, Moderator.az, Cəbhə.info, Avropa.info, Aktual.az, Big.az, Sonxeber.az, Miq.az, Qazeta.info, Baymedia.az, Azernews.az, Day.az, İstiqlal.az saytlarından bildiriş alıb.
Bildiriş verən qəzetlər bunlardır: “Cümhuriyət”, “Olaylar”, “Səs”, “Palitra”, “Azərbaycan”, “Xalq qəzeti”, “Həftə içi”, “Xalq Cəbhəsi”.
“Səs”, “Olaylar”, “Trend”, “Azadinform” agentlikləri, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Xəzər”, “Azad Azərbaycan”, ARB televiziyaları da ödənişli təşviqatda iştirak qərarı veriblər.
Prezidentliyə 8 namizəd var. Mərkəzi Seçki Komissiyası martın 17-də Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunu qeydiyyata alıb. Onun 40 mindən az olmayan seçici imzası toplaması əsas götürülüb.
Prezident seçkisində daha əvvəl bu şəxslərin qeydiyyatı rəsmiləşmişdi: Yeni Azərbaycan Partiyasından dövlət başçısı İlham Əliyev, Sosial Demokrat Partiyasından deputat Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından deputat Qüdrət Həsənquliyev, müstəqil namizəd, deputat Zahid Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasından deputat Fərəc Quliyev, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev, “Cəbhəçilərin təşəbbüs qrupu”ndan Razi Nurullayev.
Azərbaycanda növbəti prezident seçkisi bu il oktyabrın 17-də keçirilməli idi. Fevralın 5-də imzalanan prezident sərəncamı ilə aprelin 11-nə növbədənkənar seçki təyin olunub. Bir çox müxalif qurum, o cümlədən Müsavat Partiyası və AXCP seçkidə iştirak etmir.