“Dağlıq Qarabağ münaqişəsi ancaq və ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər”. Prezident İlham Əliyevin martın 19-u Bakıda keçirilən Novruz şənliyində belə deyib.
Dövlət başçısı Azərbaycanın Novruzu gözəl nəticələrlə qarşıladığını vurğulayıb: “Ölkəmiz hərtərəfli inkişaf edir. Aparılan quruculuq işləri ölkəmizi gücləndirir, Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Daxili vəziyyət sabitdir. Bu sabitliyin əsas təminatçısı Azərbaycan xalqıdır. Xalq-iqtidar vəhdəti sabitliyin əsas təminatçısıdır. Daxili siyasətlə bağlı görülən işlər, aparılan islahatlar öz gözəl nəticələrini verir. Dünyada gedən proseslər bir daha onu göstərir ki, ancaq sabit olan ölkələr uğurla inkişaf edə bilər. Ancaq sabit olan ölkələrə xarici sərmayə qoyulur, insanlar rahat, təhlükəsizlik şəraitində yaşayırlar. Bu gün dünyanın müxtəlif yerlərində sabitlik pozulur, qanlı toqquşmalar baş verir, müharibələr alovlanır, yeni risklər yaranır. Bu gün dünya gündəliyinin əsas məsələsi məhz təhlükəsizlik məsələləridir. Azərbaycan bu istiqamətdə apardığı siyasətlə dünyada böyük rəğbət qazanmış ölkələrdən biridir. Ölkəmizdə daxili risklər üçün heç bir mənbə yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq və bundan sonra da qoruyacağıq, Azərbaycan xalqının rahat yaşamasını təmin edəcəyik”.
Dağlıq Qarabağ münaqişəsinə toxunan İlham Əliyev qeyd edib ki, Ermənistan bütün regional əməkdaşlıq formatlarından tamamilə kənarda qalıb: “Bu da təbiidir. Çünki bizim siyasətimiz məhz bundan ibarətdir. Ermənistan bütün məsələlərdən təcrid olunmuş vəziyyətdədir, bir dənə də olsun regional əməkdaşlıq formatında iştirak etmir. Təkcə ona görə yox ki, biz buna imkan vermirik, eyni zamanda ona görə ki, Ermənistan siyasi, iqtisadi, nəqliyyat baxımından heç bir maraq doğurmur. Siyasi baxımdan bu ölkə müstəqil deyil, bu, satellit ölkədir. Ermənistanın gələcəyi ilə bağlı ölkə daxilində qəbul edilmiş qərarlar böyük məna daşımır. Bu ölkəyə iqtisadi cəhətdən heç bir investisiya qoyulmur, investorlar maraqlı deyillər. Burada bir neçə amil rol oynayır, birinci növbədə baş alıb gedən rüşvətxorluq, oğurluq, korrupsiya halları, digər tərəfdən vətəndaşların kütləvi surətdə Ermənistandan çıxması, yəni köç kütləvi xarakter alıb. İnvestisiya iqlimi çox bərbaddır və bazar məhdudluğu imkan vermir ki, bu ölkəyə investisiya qoyulsun.
Belə bir mənzərə ilə üzləşən Ermənistan xalqı bir daha çox ciddi fikirləşməlidir və anlamalıdır ki, Ermənistan rəhbərliyinin Azərbaycana qarşı işğalçı siyasətinin gələcəyi yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü onsuz da bərpa edəcək. Ancaq Ermənistan son illər ərzində bölgədə gedən regional əməkdaşlıq proseslərindən tam təcrid olunmuş vəziyyətdədir. Onlar siyasi səhnədə məğlub olublar, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. BMT, onun Təhlükəsizlik Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, AŞPA, digər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edən çoxsaylı qərar və qətnamələr qəbul ediblər. Yəni bu, Ermənistanın siyasi məğlubiyyətidir. Onlar diplomatik cəbhədə məğlubiyyətə uğrayıblar. Dağlıq Qarabağda keçirilmiş qondarma “referendumu” heç bir ölkə tanımayıb, beynəlxalq təşkilatlar da bunu tanımayıblar. Bu bir daha təsdiqləyir ki, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır, Azərbaycanın əzəli torpağıdır və Azərbaycanın ayrılmaz hissəsidir.
Nəqliyyat siyasəti ilə bağlı Ermənistan dalan ölkədir və açıq deməliyik ki, bunu biz etmişik.
İki il bundan əvvəl Ermənistan döyüş meydanında üzləşdiyi məğlubiyyətdən bu günə qədər də özünə gələ bilmir. Bu gün Azərbaycan bayrağı Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının vaxtilə işğal altında olan torpaqlarında dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada və Xankəndidə dalğalanacaq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq və ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bunun başqa yolu yoxdur. Dəfələrlə demişəm, bir daha demək istəyirəm, bunu hamı bilsin ki, Azərbaycan heç vaxt imkan verə bilməz ki, bizim tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılsın. Dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bugünkü Ermənistanın ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Bunu təsdiqləyən çoxsaylı kitablar, xəritələr var. O xəritələrdə indiki Ermənistanın ərazisindəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Tarixi kitablarda göstərilir ki, XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin mütləq əksəriyyəti, daha doğrusu 80 faizi azərbaycanlılar olub. Bu, tarixdir, tarixi həqiqətdir. Bunu bilməyənlər də bilsinlər və ən önəmlisi Azərbaycan gəncləri bunu bilsinlər. Bilsinlər ki, indiki Ermənistanın böyük hissəsi Azərbaycanın tarixi torpağıdır. Biz bunu heç vaxt unutmuruq və unutmayacağıq”.