Prezident İlham Əliyev “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanunu imzalayıb. Novator.az-ın məlumatına görə, qanun sığortaedənlərin Dövlət Sosial Müdafiə Fondunun uçot sistemində 2006-cı il yanvarın 1-nə yaranmış və 2018-ci il aprelin 1-dək ödənməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclarının tam məbləğdə silinməsini nəzərdə tutur.
Digər müddəaya əsasən, 2015-ci il yanvarın 1-dək yaranmış və 2018-ci il aprelin 1-dək ödənməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclar tam məbləğdə silinir.
Maliyyə sanksiyaları üzrə 2015-ci il yanvarın 1-dən 2018-ci il aprelin 1-dək yaranmış borcların tənzimlənməsi bu qaydada həyata keçirilir: 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının 10 faizi ödəndikdə – maliyyə sanksiyalarının ödənməmiş 90 faizi silinir; 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödəndikdə – maliyyə sanksiyalarının ödənməmiş 70 faizi silinir; 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödəndikdə – maliyyə sanksiyalarının ödənməmiş 50 faizi silinir.
Qanun ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci il aprelin 1-nə ödənməmiş borcların qalığına da şamil edilir, 2018-ci il aprelin 1-dən qüvvəyə minir.