“Bütün dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh və əmin-amanlıq şəraitində yaşayırlar”. Martın 15-i VI Qlobal Bakı Forumunda çıxış edən prezident İlham Əliyev belə deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın bütün səyləri təhlükəsizliyin, sabitliyin və proqnozlaşdırmanın, eləcə də xalqlar arasında sülh şəraitində birgə yaşamanın və anlaşmanın möhkəmləndirilməsinə yönəlib: “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir, bizim həyat tərzimizdir. Biz çoxmillətli, çoxkonfessiyalı cəmiyyətimizdən fərəhlənirik. Bütün dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, indiki dünyada böyük zənginlikdir. Biz həmçinin öz təcrübəmizi bölüşmək istərdik. Fikrimcə, müasir Azərbaycanın bugünkü inkişafı bunun yeganə düzgün siyasət olduğunu göstərir”.
Prezident Dağlıq Qarabağ münaqişəsinə toxunub: “Azərbaycan ərazimizin 20 faizini işğal etmiş qonşu Ermənistanın təcavüzündən əziyyət çəkir. Ermənistan beynəlxalq hüququn normalarını kobud surətdə pozur, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb və bunun nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan hərbi cinayətlər, o cümlədən Xocalı soyqırımını törədib. Həmin soyqırımı hazırda 10-dan artıq ölkə tanıyıb. Bu soyqırımı nəticəsində 613 dinc, günahsız vətəndaş qətlə yetirilib. Onların arasında 106 qadın, 63 uşaq var idi.
Dağlıq Qarabağ bizim əzəli torpağımızdır. Əsrlər boyu azərbaycanlılar həmin ərazilərdə yaşayıb-yaradıblar. Hazırda işğal olunmuş ərazilərimizdə hər şey dağıdılıb, tarixi binalarımız, abidələr, qəbiristanlıqlar, dini abidələr yerlə-yeksan edilib.
Münaqişənin həlli beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmalıdır. 1990-cı illərin əvvəlində Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edilib. Əfsuslar olsun ki, bu qətnamələr icra edilməyib. Ermənistana heç bir sanksiya tətbiq olunmayıb. Bu ölkə iyirmi ildən çoxdur BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqda davam edir. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Qoşulmama Hərəkatı kimi digər beynəlxalq təşkilatlar oxşar qətnamələr qəbul ediblər. Beləliklə, tarixi həqiqət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Münaqişənin hələ də həll olunmamasının yeganə səbəbi ondan ibarətdir ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxmaq istəmir. Nəinki Dağlıq Qarabağ, həmçinin onun ətrafındakı 7 rayon hazırda işğal altındadır. Orada bütün Azərbaycan əhalisi etnik təmizləməyə məruz qalıb.
Status-kvo qəbuledilməzdir, davam edə bilməz. Bu, dünyanın aparıcı dövlətlərinin, xüsusən də münaqişənin həllində ATƏT-in vasitəçi mandatına malik olan ölkələrin – Amerika Birləşmiş Ştatlarının, Fransanın və Rusiyanın mövqeyidir. Bu ölkələrin prezidentləri dəfələrlə açıq şəkildə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və dəyişilməlidir. Status-kvonu dəyişmək üçün Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən dərhal çıxmağa başlamalıdırlar və Azərbaycan əhalisinə öz doğma yurdlarına qayıtmaq imkanı yaradılmalıdır. Bu münaqişə müasir tarixdə nəinki ən böyük ədalətsizlikdir, o cümlədən bizim o qədər də sabit olmayan regionumuzda daimi təhlükə və qeyri-sabitlik mənbəyidir. Buna görə də beynəlxalq hüququn prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı əsasında münaqişənin mümkün qədər tez həlli təmin edilməlidir. Bundan sonra regionumuzda sülh bərqərar ola bilər”.
İlham Əliyev 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ilinin tamam olduğunu vurğulayıb: “Biz fərəhlənirik ki, müsəlman dünyasında ilk demokratik respublikanın baniləri məhz azərbaycanlılar olublar. Müsəlman aləmində ilk dəfə azərbaycanlılar azad, insanların bütün hüquqlarının qorunduğu cəmiyyətdə yaşamaq arzusunu ifadə ediblər. Bugünkü Azərbaycanın inkişafında Azərbaycan Xalq Cümhuriyyətinin rolu olduqca böyük olub. Eyni zamanda biz bu gün onların 100 il bundan əvvəl qəbul etdiyi qərarlarla da fəxr edirik. Onlardan biri qadınlara səsvermə hüququnun verilməsi olub ki, o qərar bir çox Avropa dövlətlərindən öncə qəbul edilib. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü iki ildən bir az qısa olub və respublikanın faciəvi süqutu hamımız üçün dərs olub.
Həqiqi müstəqilliyin qorunub saxlanması onu əldə etməkdən çox çətindir. Bugünkü Azərbaycan tam mənada müstəqil dövlətdir, gələcəklə bağlı aydın baxışa malikdir. Hesab edirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları müasir Azərbaycanın inkişafının şahidi ola bilsəydilər, bizimlə fəxr edərdilər. Biz isə onlarla fəxr edirik və həm özümüzə, həm də dünyaya nümayiş etdiririk ki, insanlar yalnız müstəqillik dövründə, öz taleyinin sahibi olanda uğura nail olurlar. Bu gün Azərbaycan bunun bariz nümunəsidir”.