Prezident İlham Əliyev elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid tədbirlərinə fərman verib. Novator.az-ın məlumatına görə, martın 14-də imzalanan sənəd Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə elektron hökumət sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirmək səlahiyyəti verir. Agentliyə dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirən əlaqələndirici qurum funksiyalarını yerinə yetirmək tapşırılıb.
Qurum “Elektron hökumət” portalının (www.e-gov.az) idarə olunmasını və fəaliyyətini təmin etməli; dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydalarının layihəsini hazırlayıb prezidentə təqdim etməlidir.
Dövlət başçısı agentliyə rəqəmsal hökumətə keçid üzrə fəaliyyət planı hazırlamağı da həvalə edib.
Fərmanda nəzərdə tutulan vəzifələrin icrasını təmin etmək məqsədi ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılır. “Elektron hökumət” portalı texniki-texnoloji infrastrukturu ilə birlikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansından Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin balansına verilir.
Fərmana əsasən, Xüsusi Dövlət Mühafizə Xidməti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə ölkədə informasiya təhlükəsizliyi sahəsinin təkmilləşdirilməsinə dair təkliflər təqdim etməlidir.
Dövlət başçısının imzaladığı başqa bir fərmanla Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 640 ştat vahidindən 655 ştat vahidinə qaldırılıb.