Böyük Britaniya Rusiyanın 23 diplomatını ölkədən qovur. Baş nazir Tereza Mey bunu martın 14-ü ölkə parlamentində çıxışında bəyan edib.
İki ölkə arasında kəskin qalmaqal bu ayın əvvəlindən yaranıb. Martın 12-də Tereza Mey Moskvanı Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalı qızı Yuliya ilə birlikdə zəhərləməkdə ittiham edib.
66 yaşlı Sergey Skripal və qızı martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. 12 mart bəyanatında Tereza Mey qeyd edib ki, Sergey Skripal və qızı Rusiyada istehsal edilən, sinir iflici törədən xüsusi maddənin təsirindən zəhərləniblər. Onların vəziyyəti ağırdır.
Rusiyanı qəsddə ittiham edən Tereza Mey məsələyə aydınlıq gətirilməsi üçün Moskvaya martın 13-ü axşamadək vaxt vermişdi.
Novator.az-ın məlumatına görə, martın 14-də parlamentdə çıxış edən Tereza Mey Moskvadan əsaslandırılmış cavab alınmadığını qeyd edib və sanksiyalardan başqa yol qalmadığını vurğulayıb. O, 23 rusiyalı diplomatın ölkədən çıxarılacağını deyib. Bildirib ki, Böyük Britaniya Rusiya ilə yüksək səviyyədə ikitərəfli əlaqələri dayandırır, Britaniyanın yüksək rütbəli məmurları və kraliça ailəsinin üzvləri Rusiyada keçiriləcək dünya futbol çempionatına yollanmayacaq.
Sergey Skripal 2004-cü ildə Rusiyada həbs olunub. 2006-cı ildə Moskva Dairə Hərbi Məhkəməsi Sergey Skripalı dövlətə xəyanətə və Böyük Britaniyanın xeyrinə casusluğa görə 13 il müddətinə azadlıqdan məhrum edib. İttihama görə, o, dövlət sirri olan məxfi məlumatları, eləcə də xaricdə işləyən Rusiya agentləri haqqında məlumatları təxminən 10 il ərzində Böyük Britaniyanın xüsusi xidmət orqanlarına ötürüb. İngiltərə kəşfiyyatının Sergey Skripalı casusluğa 1990-cı illərin ortalarında cəlb etdiyi açıqlanıb. Onun 1999-cu ildə istefaya çıxandan sonra da casusluğu davam etdirdiyi bildirilib.
2010-cu ildə tutulan bir çox kəşfiyyatçı dəyişdirilən zaman Sergey Skripal Böyük Britaniyaya təhvil verilib və orada sığınacaq alıb.