Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinə etiraz notası verib. Bu, işğalçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanın ABŞ-a səfəri və Konqresin inzibati binasında tədbir keçirməsi ilə əlaqədardır.
Martın 12-də yayılan məlumata görə, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xarici İşlər Nazirliyinə çağırılıb, ona etiraz notası təqdim edilib. Həmçinin Azərbaycanın ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını çatdırıb.
Xarici İşlər Nazirliyinin 12 mart açıqlamasında bildirilir ki, notada Bako Saakyanın Ermənistan pasportu ilə viza alıb ABŞ ərazisinə daxil olmasının, Birləşmiş Ştatların müvafiq təsisatlarında qondarma separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalını dəstəkləmək üçün ABŞ ərazisində maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsinin beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə, ABŞ-ın rəsmi mövqeyinə zidd olduğu qeyd edilib, bu addım Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət kimi qiymətləndirilib: “Bu təəccüblü addımı ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinin dəyişməsi kimi qiymətləndirir və qərəzli hesab edirik. Postsovet məkanında olan digər separatçı rejimlərə münasibətdə xüsusi sanksiyalar tətbiq olunduğu halda Azərbaycana qarşı hərbi təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin nümayəndələrinin ABŞ ərazisinə daxil olmasına imkan yaradılması ikili standartların təzahürüdür.
BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi ABŞ Təhlükəsizlik Şurasının konsensusla qəbul edilmiş müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsinə və bu xüsusda Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına çalışmalıdır.
ABŞ-ın bir tərəfdən münaqişənin danışıqlar yolu ilə həllinə çağırış etməsi, digər tərəfdən qondarma rejimin təbliğinə imkan yaratması və Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərə göz yumması ABŞ-ın qərəzsizliyi və obyektivliyi barədə ciddi suallar yaradır.
ABŞ-ın bu addımı danışıqlar prosesinə ciddi şəkildə xələl gətirir, regionda gərginliyin artmasına xidmət edir və davamlı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində olan səylərə ciddi zərər vurur.
Bu kimi addımı ilə ABŞ Azərbaycan xalqının gözündə və ictimai rəydə ona olan münasibətə əsaslı dərəcədə zərbə vurub. ABŞ-ın bu kimi davranışına cavab olaraq Azərbaycan Respublikası ABŞ-la münasibətlərində qarşılıqlılıq prinsipindən çıxış edəcək”.