Demokratik Qüvvələrin Milli Şurası və Müsavat Partiyası başda olmaqla bir neçə müxalif qurum martın 10-da paytaxtın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) mitinq keçirib.
Aksiyada siyasi və sosial tələblər qoyulub, prezident seçkisinin oktyabrın 17-dən aprelin 11-nə irəli çəkilməsinə etiraz bildirilib, “Saxta seçkilərə son”, “Monarxiyaya son”, “Korrupsiyaya son”, “Siyasi məhbuslara azadlıq” və başqa şüarlar səsləndirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin sanksiyalaşdırdığı mitinq saat 15-dən 17-dək davam edib.
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halı qeydə alınmayıb.
Mitinqi AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn aparıb.
Aksiyada Milli Şuranın sədri Cəmil Həsənli, şuranın Koordinasiya Mərkəzinin üzvləri Vidadi Mirkamal və Gültəkin Hacıbəyli, AXCP sədri Əli Kərimli, AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli, Müsavat Partiyasının başqanı Arif Hacılı, Müsavat başqanının müavini Səxavət Soltanlı çıxış ediblər.
“Turan”ın xəbərinə görə, Əli Kərimli deyib ki, 10 mart mitinqindən qabaq müxalifət fəallarına, xüsusilə Xalq Cəbhəsi və Müsavat partiyalarının üzvlərinə təzyiqlər edilib.
Çıxışında Əli Kərimli siyasi məhbus problemindən də danışıb. Ölkədə ümumilikdə 150 nəfər siyasi məhbusun, vicdan məhbusunun olduğunu bildirən AXCP sədri onların hamısının azadlığa buraxılmasını tələb edib.
Əli Kərimlinin sözlərinə görə, ölkənin faktiki heç bir problemi həll olunmayıb, əksinə, son 3 ildə əhali iki dəfədən çox kasıblayıb. AXCP sədri bunun əsas səbəbləri sırasında korrupsiya və vətəndaş hüquqlarının pozulması hallarını göstərib.
Arif Hacılı öncə aksiya iştirakçılarına Türkiyədə müalicə olunan Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin salamlarını çatdırıb.
Arif Hacılı xatırladıb ki, Müsavat Partiyası növbədənkənar prezident seçkisinin keçirilməsinə qarşıdır. O, ölkədə ədalətli siyasi rəqabət üçün şəraitin olmadığını, hakimiyətin seçki komissiyalarını nəzarət altında saxladığını vurğulayıb və bildirib ki, məhz bu komissiyalar əvvəlki seçkiləri saxtalaşdırıb.
Müsavat başqanı deyib ki, hakimiyyətin apardığı təbliğatın əksinə olaraq Azərbaycan demokratiyaya hazırdır: “Müsavat Partiyası hələ 100 il əvvəl xalqla birgə Xalq Cümhuriyyəti qurub. Bu xalq 100 il əvvəl öz rəhbərlərini özü seçib, dünyaya nümunə göstərib”.
Cəmil Həsənli hakimiyyəti korrupsiyada ittiham edib və deyib ki, belə hakimiyyətin işğal altındakı ərazilərimizi azad etmək barədə düşünəcəyini gözləmək mümkün deyil.
Milli Şuranın sədri vurğulayıb ki, müxalifət azad seçki uğrunda mübarizəni davam etdirir, mitinqlər də davam edəcək.