Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları martın 1-dən orta hesabla 10 faiz artırılıb. Prezident İlham Əliyevin sərəncamı ilə eyni artım Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşlarına da tətbiq edilib.
Novator.az xatırladır ki, dövlət başçısı daha əvvəl Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin; səhiyyə müəssisələrində və sosial təminat müəssisələrində; təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla); elmi müəssisə və təşkilatlarda; mədəniyyət, gənclər və idman müəssisələrində; kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində; mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində; meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin maaşlarını orta hesabla 10 faiz çoxaldıb.
Artım Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı; Heydər Əliyev Mərkəzi; Strateji Araşdırmalar Mərkəzi; “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi; Azərbaycanda Atatürk Mərkəzi; dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri; Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının işçi qrupu; Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu; Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu; Elmin İnkişafı Fondu; Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu; Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi; Gənclər Fondu; Bilik Fondu; Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi əməkdaşlarını da əhatə edib.
Fevral ayında isə dövlət başçısı pensiya və müavinətləri, prezident təqaüdlərini artıran fərman və sərəncamlar imzalayıb. Əmək pensiyaları yanvarın 1-dən 5,7 faiz artırılıb.
Fərman və sərəncamların bir hissəsi prezidentin aylıq təqaüdü ödənilən 9 kateqoriya üzrə şəxsləri əhatə edir. Martın 1-dən prezident təqaüdü şəhid ailələri üçün, Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün, müharibə və 20 Yanvar əlilləri üçün, 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 10 faiz artırılıb.
Həmçinin sosial müavinət alan birinci qrup əlillərə prezident təqaüdləri, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxs üçün prezident təqaüdü, prezidentin fərdi təqaüdü, fəxri adlara görə aylıq təqaüdlər çoxaldılıb.
Prezidentin sərəncamları ilə yaşa, ailə başçısını itirməyə və əlilliyə görə sosial müavinət alanlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, müharibə veteranlarına, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrdəki 1 yaşınadək uşaqlara və sosial müavinətlər haqqında qanunvericilikdə nəzərdə tutulan digər şəxslərə aylıq sosial müavinətlərin, uşağın doğulmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün, habelə dəfn üçün verilən birdəfəlik müavinətlərin, beşdən çox uşağı olan qadınlara hər uşağa görə verilən müavinətlərin, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin martın 1-dən 10 faiz artırılması rəsmiləşib.