Avropa İnsan Hüquqları Məhkəməsinin 2017-ci ilin noyabrında Azərbaycanda həbsdə olan siyasətçi İlqar Məmmədovla bağlı çıxardığı qərar qüvvəyə minib.
Həmin il noyabrın 16-da Avropa Məhkəməsi İlqar Məmmədovun ədalətli mühakimə hüququnun pozulduğu (bu, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin pozulması deməkdir) və Azərbaycan dövlətinin ona 10 min avro kompensasiya ödəməli olduğu barədə qərar çıxarmışdı.
İlqar Məmmədov da, Azərbaycan hökuməti də qərardan Avropa Məhkəməsinin Böyük Palatasına şikayət vermişdi. Buna görə də qərar hələ qüvvəyə minməmişdi.
2018-ci il martın 6-da Böyük Palata İlqar Məmmədovun da, Azərbaycan hökumətinin də şikayətini rədd edib, beləliklə, Avropa Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli qərarı hüquqi qüvvəyə minib.
16 noyabr qərarında deyilir ki, İlqar Məmmədova qarşı aparılmış cinayət işində, dəlil-sübutların toplanması və yoxlanmasında, məhkəmə prosesi zamanı müdafiə tərəfinin gətirdiyi dəlillərə hakimlərin sərgilədiyi münasibətdə ciddi çatışmazlıqlar olub.
İlqar Məmmədov qərarda onunla bağlı Avropa İnsan Hüquqları Konvensiyasının təkcə 6-cı maddəsinin deyil, 18-ci maddəsinin də pozulduğunun tanınmasını, Azərbaycan hökuməti isə ümumiyyətlə qərarın ləğv olunmasını istəyirdi.
İlqar Məmmədov Respublikaçı Alternativ (REAL) Hərəkatının lideridir. O, 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Hökmü Şəki Ağır Cinayətlər Məhkəməsi çıxarıb, Şəki Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.
2014-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, Azərbaycana 22 min avro cərimə kəsib.
2016-cı ildə Azərbaycanda İlqar Məmmədovun işinə yenidən baxılıb, amma o, həbsdə qalıb. 2017-ci ildə Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsinin hökmünün icrası üçün tədbir görməyə səsləyən qərar qəbul edib. Azərbaycan hökuməti Avropa Şurasının Nazirlər Komitəsinə cavabında Avropa Məhkəməsinin qərarında İlqar Məmmədovun dərhal buraxılmasına dair tələb olmadığı üçün onu azad etmədiyini bildirib. Bu cavabdan sonra, dekabrın 5-də Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə qərar qəbul edərək İlqar Məmmədovla bağlı qərarların icra olunub-olunmadığını öyrənmək üçün Avropa Məhkəməsinə sorğu göndərib. Sorğu məhkəməyə dekabrın 11-də çatıb. Sorğu ilə bağlı icraat Böyük Palataya, yəni ən ali quruma verilib. Böyük Palatanın sorğuya 2018-ci il martın 1-dək cavab verməli idi. Bu cavabın verilib-verilmədiyi haqda Azərbaycan ictimaiyyətində hələ ki, məlumat yoxdur.
Böyük Palata İlqar Məmmədovun işində öhdəliyin pozuntusunu tanıyarsa, sənədlər Nazirlər Komitəsinə tədbirlər (sanksiyalar) görməsi üçün geri qaytarılacaq.
Avropa İnsan Hüquqları Konvensiyasına görə, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırdığını hesab edirsə və məhkəmə bunun pozuntu olduğunu təsdiqləyirsə, onda iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir. Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.
Qeyd edək ki, 2018-ci il martın 6-da Böyük Palatanın baxdığı iş mediada İlqar Məmmədov məsələsi ilə bağlı “ikinci iş”, 2014-cü ildə baxılan və Avropa qurumları ilə Azərbaycan hökuməti arasında çəkişməyə səbəb olan qərar isə “birinci iş” kimi tanınır.