Respublika Narkoloji Mərkəzindəki yanğında həlak olmuş şəxslərin hamısının meyiti ailələrinə təhvil verilib. Bunu “Report”a Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.
9 meyitin kimliyi martın 3-də müəyyənləşdirilmiş və ailə üzvlərinə təhvil verilmişdi. 16 meyit martın 6-da ailələrinə verilib.
Bakının Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində yanğın martın 2-si səhər tezdən (saat 06:10), taxta konstruksiyalı birmərtəbəli korpusda baş verib. Korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 08:30-da yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.
Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizlik qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işinə başlanıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılır.
İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.
Hadisədən bir qədər sonra prezident İlham Əliyev Respublika Narkoloji Mərkəzinə baş çəkib.
Prezident hadisənin nəticələrinin tez bir zamanda aradan qaldırılması və yanğının səbəblərinin araşdırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar qoyub. O, Bakı Şəhər İcra Hakimiyyətinin başçısına və səhiyyə nazirinə həlak olanların ailə üzvlərinə kömək göstərilməsi və zərərçəkənlərə təcili olaraq lazımi tibbi yardım edilməsi ilə bağlı göstərişlər verib.
Elə həmin gün prezident İlham Əliyevin sərəncamına əsasən, yanğınla əlaqədar dövlət komissiyası yaradılıb. Komissiyanın sədri baş nazirinin müavini Abid Şərifovdur. Komissiyaya daxili işlər naziri, fövqəladə hallar naziri, baş prokuror, səhiyyə naziri, maliyyə naziri, əmək və əhalinin sosial müdafiəsi naziri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Xətai Rayon İcra Hakimiyyətinin başçısı daxildir.
Quruma bunlar həvalə olunub: hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirmək; hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etmək; yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etmək; Respublika Narkoloji Mərkəzinin işçilərinin və müalicə alanların müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirmək; mərkəzin yeni binasının tikintisi ilə bağlı işlərin tamamlanmasını qısa müddət ərzində təmin etmək.
Baş Prokurorluq Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş yanğın hadisəsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməlidir.
İlham Əliyev yanğın baş verən əraziyə gedib
Prezident yanğın ərazisində – FOTOLAR