Aprelin 9-da Serj Sərkisyan Ermənistan prezidenti postundan gedir. Həmin gün yeni prezident Armen Sərkisyan səlahiyyətlərinin icrasına başlayacaq, ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürüləcək.
Prezidentin və hökumətin ofisləri də yerlərini dəyişəcək. Yeni prezident hazırda Nazirlər Kabineti yerləşən binada fəaliyyət göstərəcək, baş nazir isə indiki Prezident Aparatında əyləşəcək.
Baş nazir postuna ən real iddiaçı Serj Sərkisyandır. Novator.az bildirir ki, konstitusiyaya görə, Nazirlər Kabineti icra hakimiyyətinin ali orqanıdır, daxili və xarici siyasəti formalaşdırır, dövlət idarəçiliyinə ümumi rəhbərliyi həyata keçirir. Kabinet baş nazirin birinci müavinindən, 2 müavinindən və 18 nazirdən ibarət olacaq.
Baş nazir postuna parlamentdə çoxluğa sahib qüvvənin göstərdiyi namizəd təyin edilir. Serj Sərkisyanın kadrı və partiyadaşı olan indiki baş nazir Karen Karapetyan istefa verəcəyi halda yeni baş nazir parlament üzvlərinin yarıdan çoxunun səsi ilə seçiləcək. Ana qanun bu halda adbaad səsverməyə hökm edir.
Dağlıq Qarabağda anadan olmuş Karen Karapetyan 2016-cı ildən Ermənistanın baş naziridir. O, hakim Respublika Partiyasında Serj Sərkisyanın birinci müavinidir.
Serj Sərkisyanın sədrlik etdiyi Respublika Partiyası müttəfiqi Daşnaksütunla birgə 105 yerlik Ermənistan parlamentində 65 mandata sahibdir.
Parlamentin seçdiyi baş nazir prezident sərəncamı ilə dərhal təyin olunmalıdır. Hökumət baş nazirin təyinatından sonra 15 gün ərzində formalaşır və parlament qarşısında hesabatlıdır.
Konstitusiyaya görə, baş nazir Təhlükəsizlik Şurasına sədrlik edir. Silahlı Qüvvələr hökumətə tabedir. Müharibə zamanı ali baş komandan funksiyası baş nazirə keçir. Ali vəzifəli şəxs olan Silahlı Qüvvələrin Baş Qərargah rəisini baş nazirin təqdimatı ilə prezident təyin edir. Dinc dövrdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi müdafiə nazirinə tabedir.
Qubernatorların təyinatı hökumətin səlahiyyətindədir.
Möcüzə baş verməsə, 63 yaşlı Serj Sərkisyan apreldən baş nazir kürsüsündə əyləşəcək. Bu, qarabağlı qrupun Ermənistanda hökmranlığının uzanması deməkdir.
1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulan Serj Sərkisyan işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub.
1995-2008-ci illərdə Serj Sərkisyan Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub. 2008 və 2013-cü illərdə prezident seçilib.
Dağlıq Qarabağ bölgəsində doğulmuş Robert Köçəryan 1998-2008-ci illərdə Ermənistan prezidenti postunu tutub.