İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ixrac icmalı təqdim edib. AZƏRTAC xəbər verir ki, icmala görə, yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 123 milyon ABŞ dolları təşkil edib: “2017-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 1/3 həcmdə artıb. İlk ayda ən çox qeyri-neft məhsulları Rusiya Federasiyasına ixrac edilib (36,8 milyon ABŞ dolları). Türkiyəyə 23 milyon, İsveçrəyə 17,9 milyon, Gürcüstana 11,3 milyon, Çinə 4,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Yanvarda ixrac olunan qeyri-neft sektoru məhsulları arasında qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) birinci yerdə qərarlaşıb (17 milyon ABŞ dolları). Siyahıda ikinci yeri xurma (13 milyon ABŞ dolları), üçüncü yeri xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (9,7 milyon ABŞ dolları) tutub.
Yanvar ayı ərzində meyvə-tərəvəz ixracı 35 milyon, plastmas və ondan hazırlanan məmulatların ixracı 10 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 5 milyon, kimya sənayesi məhsullarının ixracı 3,6 milyon ABŞ dolları olub.
2017-ci ilin yanvarı ilə müqayisədə elektrik enerjisinin ixracı 86 faiz, meyvə-tərəvəzin ixracı 45 faiz, kimya sənayesi məhsullarının ixracı 36 faiz, pambıq ixracı 20 faiz artıb”.