Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar yaradılmış dövlət komissiyasının sədri, baş nazirin müavini Abid Şərifov AZƏRTAC-a danışıb. O deyib ki, yanğın baş verən zaman Narkoloji Mərkəzin həmin korpusunda 55 xəstə olub: “Onlardan 25-i dünyasını dəyişib. Qalan 30 nəfər isə xilas edilib. Təbii ki, hamımız narkoloji xəstələrin vəziyyətini yaxşı bilirik. Belə xəstələrə özlərini sakit aparmaları üçün müəyyən iynələr vurulur. Ona görə də belə şiddətli yanğında 30 nəfəri xilas etmək çətinliklə mümkün olub. Bəzi xoşagəlməz məlumatlar yayılır ki, guya xəstələr çarpayılara bağlı olublar, həlak olanların arasında bir həkim də var. Bütün bunların hamısı əsassız fikirlərdir. Xəstələrin çarpayılara bağlanmasından və ya başqa belə məsələlərdən söhbət gedə bilməz. Lakin yanğın vaxtı bir həkim dünyasını dəyişib. Ancaq o, xəstəyə baxan həkim olmayıb. Sadəcə müalicə alan xəstələrdən biri 62 yaşlı həkim olub”.
Komissiyanın martın 3-də keçirilmiş ilk iclasında müzakirə olunan məsələlərdən danışan Abid Şərifov bildirib ki, əsas məsələlərdən biri həlak olanların şəxsiyyətlərini müəyyənləşdirmək, onların dəfn mərasimlərini təşkil etmək və ailələrinə lazımi yardımlar göstərməkdir: “Yanaraq ölən şəxslərin, xüsusilə narkoloji xəstələrin şəxsiyyətlərinin müəyyənləşdirilməsi olduqca çətin məsələdir. Elə xəstələr var ki, 15-20 ildir orada müalicə alır. İndiyədək 9 nəfərin şəxsiyyəti müəyyənləşdirilib və onlar dəfn olunub. Onların ailələrinə lazımi kömək göstərilib. Qalan şəxslərin də şəxsiyyətlərinin müəyyənləşdirilməsi bir qədər vaxt tələb edən məsələdir. Bu məsələ ilə əlaqədar aidiyyəti qurumlar, o cümlədən Baş Prokurorluq, Daxili İşlər və Səhiyyə nazirlikləri ciddi işlər aparırlar.
Həlak olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və onların dəfn edilmələrinin təşkili bizim birinci məsələmizdir. İkinci məsələ yanğın zamanı sağ qalanların yerləşdirilməsidir. Artıq 30 nəfər ayrı-ayrı xəstəxanalarda yerləşdirilib. Onlardan 18-i evə buraxılıb”.
Abid Şərifov vurğulayıb ki, qarşıda duran vacib vəzifələrdən biri də yanğının səbəblərini araşdırmaqdır: “Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi ilkin səbəb kimi elektrik naqillərində baş verən qısaqapanma versiyasını irəli sürüb. Lakin digər versiyalar da araşdırılır. Yanğının səbəbləri araşdırılacaq və əgər günahkarlar varsa cəzalandırılacaq.
Mən komissiyanın iclasında Səhiyyə Nazirliyindən və Bakı Şəhər İcra Hakimiyyətindən xahiş etdim ki, müvafiq araşdırmalar başa çatdırıldıqdan sonra həmin bina tamamilə sökülsün və ərazidə lazımi abadlıq işləri aparılsın.
Hazırda Narkoloji Mərkəzdə müalicə alan insanların yerləşdirilməsi məsələsinə gəldikdə, Sabunçu rayonunun ərazisində yeni mərkəz tikilir. Bu mərkəzin tikintisinə bir neçə il əvvəl başlanıb. Səhiyyə Nazirliyinin məlumatına görə, bu müalicə müəssisəsinin may ayınadək istifadəyə verilməsi nəzərdə tutulur. Yeni Narkoloji Mərkəz hazır olana qədər xəstələrin müalicəsi hazırkı mərkəzin digər korpuslarında davam etdiriləcək”.
Baş nazirin müavini deyib ki, mərkəzdə olan xəstələrlə və dünyasını dəyişən insanlarla bağlı araşdırılmalar bir həftə ərzində başa çatdırılacaq: “Onların ailələrinə veriləcək ilkin yardımın məbləği, təqaüdün təyin olunması məsələlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyənləşdirir. Azərbaycan qanunvericiliyinə əsasən, yanğın və digər fövqəladə hallar səbəbindən həlak olanların ailələrinə yetkinlik yaşına çatmayan övladları da nəzərə alınaraq birdəfəlik yardım və ya təqaüdlərin verilməsi məsələsinə baxılır. Həlak olan 25 nəfərdən yalnız biri pensiyaçıdır. Tapşırıq verildi ki, həlak olan digər şəxslərin hər biri barədə araşdırma aparılsın və onların ailələrinə qanuna uyğun olaraq yardımlar göstərilsin. Həmçinin Maliyyə Nazirliyinə də tapşırılıb ki, yaxın günlərdə yardımları çatdırsın. Yardımları Bakı Şəhər İcra Hakimiyyəti və Səhiyyə Nazirliyi göstərir. Eyni zamanda istər rayonlarda, istərsə də Bakıda dəfn mərasimlərini dövlət təşkil edir”.
Abid Şərifov komissiyanın qarşısında dövlət müəssisələrində, tibb ocaqlarında inventarlaşma işinin aparılaraq xüsusi tədbirlər planının hazırlanması vəzifəsinin də qoyulduğunu bildirib. O qeyd edib ki, tədbirlər planında qəzalı vəziyyətdə binalar barədə məlumat, fövqəladə hallara, o cümlədən yanğına qarşı görüləcək tədbirlər və digər məsələlər əksini tapacaq.
Martın 2-də Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı birmərtəbəli korpusunda yanğın baş verib. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib. Prezidentin həmin gün imzaladığı sərəncamla yaradılmış dövlət komissiyasına daxili işlər naziri, fövqəladə hallar naziri, baş prokuror, səhiyyə naziri, maliyyə naziri, əmək və əhalinin sosial müdafiəsi naziri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Xətai Rayon İcra Hakimiyyətinin başçısı daxildir.
Yanğınla bağlı Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizlik qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə iş başlanıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılır.
İlham Əliyev yanğın baş verən əraziyə gedib