Müxalif qurumlar paytaxtın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) mitinq keçirmək istəyir. Martın 10-na təyin olunan aksiyaya şərait yaratması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciəti Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvləri İbrahim İbrahimli və Eldəniz Quliyev, Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli, Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Nurəddin Məmmədli imzalayıblar.
Mitinqin sosial tələblər, “Monarxiyaya son”, “Siyasi məhbuslara azadlıq”, “Korrupsiyaya son” kimi şüarlar altında keçirilməsi nəzərdə tutulur.
Fevralın 27-də Milli Şura birgə ümumxalq mitinqləri keçirmək təşəbbüsü ilə Müsavat Partiyasına və REAL Hərəkatına müraciət etmişdi. Qurumun sədri Cəmil Həsənlinin birgə mitinqlər müraciəti aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkisi ilə bağlıdır.
Fevralın 5-də dövlət başçısı İlham Əliyev 2018-ci il oktyabrın 17-də keçirilməli olan prezident seçkisini aprelin 11-nə irəli çəkib. Demokratik Qüvvələrin Milli Şurası, Xalq Cəbhəsi, Müsavat partiyaları, REAL Hərəkatı və başqa bir neçə qurum seçkidə iştirakdan imtina edib.
Martın 2-də REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlı Novator.az-a deyib ki, təşkilatda birgə mitinqlər müzakirəsi aparılır, qərar tezliklə açıqlanacaq.
Həmin gün sosial şəbəkədə açıqlama yayan Azər Qasımlı qeyd edib ki, müzakirəsiz, mübahisəsiz doğru qərar vermə ehtimalı çox aşağıdır: “Beyin fırtınası olmayan yerdə keyfiyyətli icra olmur. Real müxalif təşkilatların, sivil toplumun, intellektualların və medianın iştirakı ilə dəyirmi masa keçirilməyi təklif edirəm. İkinci addım kimi dünyəvi və hüquqi dövlət, respublika və demokratiya ideyalarının daşıyıcıları olan siyasi və ictimai xadimlərin respublika forumunu təşkil edə bilərik. Real və sağlam birliyə aparan yol açıq və keyfiyyətli ictimai müzakirələrdən keçir. Müzakirələrdən keçərək qəbul olunmuş strategiya olmadan iş görülməz. Başqa yol yoxdur”.
REAL Hərəkatı 2008-ci ildə yaradılıb, hazırda partiyaya çevrilməyə hazırlaşır. Qurumun sədri İlqar Məmmədov həbsdədir, Bakıdakı 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. O, 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb.