Martın 2-si Şəki Apellyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının şikayəti üzrə məhkəmə prosesi olub. Vəkil Nemət Kərimli Bastainfo.com-a deyib ki, proses qismən məhkəmə istintaqı aparılması və əlavə sübutların tələb edilməsi ilə keçirilib.
Hakim Rafail Əliyevin sədrlik etdiyi prosesdə ifadə verən Əfqan Muxtarlı həbsinin detallarından və səbəblərindən danışıb. O, Azərbaycana Gürcüstandan oğurlanaraq gətirildiyini söyləyib və həbsini siyasi sifariş kimi qiymətləndirib.
Martın 14-də proses işdə zərərçəkən kimi tanınan şəxsin ifadəsi ilə davam etdiriləcək.
Novator.az bildirir ki, Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.
Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O bildirir ki, 2017-ci il mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Azərbaycana – Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
2017-ci il mayın 31-də Səbail Rayon Məhkəməsinin qərarı ilə Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbiri seçilib.
Gürcüstanda da Əfqan Muxtarlı ilə bağlı cinayət işinə başlanıb. İş qanunsuz azadlıqdan məhrumetmə motivi ilə araşdırılır.
2017-ci il oktyabrın 11-də Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva 4 yaşlı qızı Nurayla birgə Gürcüstanı tərk edərək Almaniyaya pənah aparıb. Leyla Mustafayeva Almaniya hökumətindən sığınacaq istəyəcəyini bəyan edib. O, Gürcüstanı tərk etməsinin səbəbini həmin ölkədə özünü təhlükəsiz duymaması və izlənməsi ilə əlaqələndirib.
2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsi Əfqan Muxtarlını dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum edib.
Əfqan Muxtarlı hazırda Şəki İstintaq Təcridxanasında saxlanır.