Martın 2-si səhər tezdən Bakının Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzinin binasında (Zığ şosesi, 13) yanğın olub.
İlkin rəsmi məlumat
Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirliklərinin birgə məlumatında deyilir: “Martın 2-si saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı birmərtəbəli korpusunda yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib.
Operativ tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 08:30-da yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.
Azərbaycan prezidentinin göstərişinə əsasən fakt üzrə Baş Prokurorluq cinayət işi başlayıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib”.
Prezident hadisə yerinə baş çəkib
Hadisədən bir qədər sonra prezident İlham Əliyev Respublika Narkoloji Mərkəzinə baş çəkib.
Dövlət başçısı hadisənin baş verdiyi ərazidə vəziyyətlə tanış olub. Aidiyyəti qurumların rəhbərləri ona yanğının başvermə səbəbləri və nəticələri barədə məlumat veriblər.
Prezident İlham Əliyev hadisənin nəticələrinin tez bir zamanda aradan qaldırılması və yanğının səbəblərinin araşdırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar qoyub. O, Bakı Şəhər İcra Hakimiyyətinin başçısına və səhiyyə nazirinə həlak olanların ailə üzvlərinə kömək göstərilməsi və zərərçəkənlərə təcili olaraq lazımi tibbi yardım edilməsi ilə bağlı göstərişlər verib.
Dövlət komissiyası yaradıldı
Prezident İlham Əliyev martın 2-si Bakıda, Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Narkoloji Mərkəzdə baş verən yanğınla əlaqədar dövlət komissiyası yaradıb.
Sərəncama görə, komissiyanın sədri baş nazirinin müavini Abid Şərifovdur. Komissiyaya daxili işlər naziri, fövqəladə hallar naziri, baş prokuror, səhiyyə naziri, maliyyə naziri, əmək və əhalinin sosial müdafiəsi naziri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Xətai Rayon İcra Hakimiyyətinin başçısı daxildir.
Quruma bunlar həvalə olunub: hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirmək; hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etmək; yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etmək; Respublika Narkoloji Mərkəzinin işçilərinin və müalicə alanların müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirmək; mərkəzin yeni binasının tikintisi ilə bağlı işlərin tamamlanmasını qısa müddət ərzində təmin etmək.
Baş Prokurorluq Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş yanğın hadisəsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməlidir.
Cinayət işi iki maddə ilə başlanıb
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Trend” agentliyinə deyib ki, Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı cinayət işi Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizlik qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə başlanıb.
Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılır.
Eldar Sultanov bildirib ki, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir, hadisənin səbəblərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub.
Məlumatlar aşağıdakı linklərdə:
25 nəfər həlak olub
İlham Əliyev yanğın baş verən əraziyə gedib
Prezident yanğın ərazisində – FOTOLAR
Narkoloji Mərkəzdə yanğın: dövlət komissiyası yaradıldı