Jurnalist Elmar Hüseynovun qətlindən 13 il ötür. Bununla əlaqədar martın 2-də bir qrup media nümayəndəsi mərhum jurnalistin məzarını ziyarət edib.
1967-ci ildə Bakıda anadan olan Elmar Hüseynov jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışıb, daha sonra “Monitor” jurnalını təsis edib, onun baş redaktoru olub.
Elmar Hüseynov 2005-ci il martın 2-də Bakıda odlu silahla qətlə yetirilib. İndiyədək qətlin üstü açılmayıb, cinayətin sifarişçiləri və icraçıları həbs edilməyib.
Jurnalist Bakıdakı Qurd qapısı qəbiristanlığında dəfn olunub.
13-cü ildönümündə ziyarət zamanı “Turan” agentliyinin direktoru Mehman Əliyev və jurnalist Əvəz Zeynallı Elmarın məzarı başında çıxış ediblər.
Contact.az-ın məlumatına görə, Mehman Əliyev deyib ki, Elmar Hüseynovun qətli media üçün yeni ağır dövrün başlanğıcını qoyub: “2005-ci ildən sonra azad medianın qapadılması, jurnalistlərin təqibi, oğurlanması, həbsi, media və jurnalistlərin ələ alınması, məhkəmələrə çəkilməsi, iqtisadi təzyiqlər, bir sözlə, medianın üzərinə hakimiyyətin yürüşü başladı. Bu yürüş hələ də davam edir”.
Mehman Əliyev bildirib ki, Elmar Hüseynov yazılarında həmişə hakimiyyəti medianı, cəmiyyəti təqib siyasətindən geri dönməyə çağırırdı: “Elmar yazırdı ki, hakimiyyət açıq və xalqın xeyrinə siyasət aparmalıdır. Təəssüf ki, onu eşitmədilər və bu gün Azərbaycan belə böhranlı vəziyyətə gəlib çıxıb. Böhran yalnız iqtisadiyyatı deyil, sosial, mənəvi, ictimai sahələri, demək olar bütün sahələri əhatə edir. Bu, real durumdur”.
Hakimiyyətin təqib siyasəti nəticəsində medianın əxlaqının dəyişdiyini söyləyən “Turan” agentliyinin direktoru vurğulayıb: “Hakimiyyət medianı tam nəzarətə götürəcəyinə və idarə edəcəyinə inanırdı. Amma nəticə budur ki, hakimiyyət informasiya məkanını itirib. Keyfiyyətli, ənənəvi media sıradan çıxarılıb, ortada söyüş və təhqir qalıb. Media məkanına bu əxlaqı hakimiyyət gətirib. Bu, çox pis bir tendensiyadır. Hazırda hakimiyyətin özü də bilmir buna qarşı necə mübarizə aparmaq lazımdır. Təəssüf ki, bu siyasətin başında duran ideoloqlar hələ də medianı idarə etməyə cəhd göstərirlər”.
Mehman Əliyev hesab edir ki, hakimiyyət medianın təqibi savaşını uduzub: “Hakimiyyət bu savaşı artıq uduzub. Bu, Elmarın ideyasının qələbəsidir”.
“Turan”ın direktoru daha sonra deyib ki, ölkədə hər şey yaxşılığa doğru gedəcək, hər şey dəyişəcək: “Hazırda vəziyyət anormaldır. Anormallığın isə gələcəyi yoxdur”.
Əvəz Zeynallı Elmar Hüseynovu müasir Azərbaycan mediasının böyük simalarından biri kimi qiymətləndirib. Onun sözlərinə görə, Elmar ölümü ilə də Azərbaycanda azad mediaya xidmət edib.