Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Mərkəzi Seçki Komissiyasına müraciətinə cavab ala bilmir. 11 aprel növbədənkənar prezident seçkisində iştirak üçün MSK-ya üz tutan təşkilat sədri martın 1-də Novator.az saytına danışıb. O, namizədlik sənədlərini MSK-ya fevralın 19-da təqdim etdiyini deyib.
Ağdamın Papravənd kəndində doğulan 60 yaşlı Akif Nağı tarix elmləri namizədidir. 1993-cü ildən Qarabağ Azadlıq Hərəkatının İdarə Heyətinin üzvü, sonra həmsədri postlarını tutub. 2000-ci ildən Qarabağ Azadlıq Təşkilatının sədridir.
– MSK 11 aprel prezident seçkisinə qatılan 15 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib, onlardan biri – dövlət başçısı İlham Əliyev rəsmən qeydə alınıb. Bəs sizin müraciətinizə niyə baxılmır?
– Bu günə qədər MSK-dan bizə rəsmi qaydada heç bir açıqlama verilməyib. Telefon zənglərinə də cavab vermək istəmirlər. Yalnız bircə dəfə seçki qərargahımızın katibinin zənginə cavabda deyiblər ki, ümumiyyətlə Akif Nağıdan heç bir sənəd almayıblar, Akif Nağı ərizə təqdim etməyib.
Nümayəndələrimiz yenə MSK-ya gedir, orada qəbul şöbəsindəki gözətçilər aidiyyəti şəxslərə məlumat verir, amma heç kəs aşağı düşüb nümayəndələrimizi qəbul etmək istəmir.
Bu, çox böyük qanun pozuntusudur, saxtakarlıqdır. Hər bir Azərbaycan vətəndaşının seçkidə öz namizədliyini irəli sürmək haqqı var. Vətəndaşın namizədliyi təsdiqlənməlidir, imza toplaya biləcək, ya bilməyəcək, proses hansı istiqamətə yön alacaq, bu, sonranın işidir. Amma MSK bəri başdan mənim seçkidə iştirakımı əngəlləyir.
Bizə qarşı belə addımlar təşkilatımızda çox ciddi narahatlıq və etiraz yaradıb. Bu münasibət nə MSK-ya, nə hakimiyyətə başucalığı gətirir.
– Siz namizədliyinizin təsdiq edilməməsində konkret nəyi səbəb görürsüz?
– Biz Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müharibə yolunu seçmişik. Bu mövqedə də qalırıq. Kim prezident seçiləcəksə, bir-iki ay ərzində müharibəni başlamalıdır. Əgər bunu etmirsə, kənara çəkilsin, biz başlayaq.
Yaxud başqa variant təklif edirik: müharibə etməkdən çəkinirlərsə, Qarabağ Azadlıq Təşkilatına mane olmasınlar, partizan müharibəsinə başlayaq.
2003-cü ildə belə bir cəhdimiz oldu. Qarabağ Azadlıq Təşkilatı dəstə yaratdı, cəbhə xəttini keçib partizan müharibəsinə başlamaq istəyirdik. Həmin dövrdə bu şəxslərin 23 nəfəri qanunsuz silahlı dəstə yaratmaq ittihamı ilə həbs olundu, müxtəlif müddətə azadlıqdan məhrum edildilər, bir nəfər də ömürlük cəza aldı, indiyə qədər həbsdədir.
Biz belə bir münasibətin olmasını istəmirik. Maneə yaradılmasın. Həm partizan müharibəsini başlayaq, həm də üzvlərimizə qarşı təzyiqlər, həbslər həyata keçirilsin – bu, mümkün deyil.
Qarabağ məsələsində müharibədən başqa həll yolu görünmür, danışıqların heç bir faydası yoxdur. Danışıqlar uzandıqca Qarabağ da bizdən uzaqlaşır. Kim prezident olacaqsa, qərarını verməli, hərb yolu seçilməlidir.
Güman edirik ki, seçkidə iştirak edənlərin də, hətta etməyənlərin də əksəriyyəti hakimiyyətin sifarişini yerinə yetirir. Kim oyundan kənardadır, öz təşəbbüsü ilə prosesə qoşulmaq istəyirsə, birmənalı şəkildə onun qarşısını alırlar.
Cəmiyyətin ən müxtəlif təbəqələrindən mənim namizədliyimə dəstək gəlir. Yüzlərlə insan imza kampaniyamı aparmağa, minlərlə insan imza verməyə hazır olduğunu bildirir. Deməli, cəmiyyətdə savaş əhvalı yetişib, camaat Qarabağda müharibənin başlanması tələbini dəstəkləyir. Bu, artıq sosial sifarişdir. Biz də bu sifarişin və tələbin təmsilçisi kimi seçkiyə qatılmaq istəyirik. Görünür, prosesi idarə edənlər bu tələblərin seçki kampaniyasında səslənməsindən ehtiyatlanırlar. Ya torpaqlarımızın azad edilməsini istəmirlər, ya da hansısa xarici təzyiqdən çəkinirlər.
– Bundan sonra hansı addımları atmağı düşünürsüz, nə təşəbbüs göstərmək fikrindəsiz?
– MSK bu cür mövqe tutursa, ona qarşı hansısa addımı atmağın mənası yoxdur. Biz zorla MSK-ya hücum edib qeydiyyatdan keçəsi deyilik ki…
İşimizi, xəttimizi, tələbimizi davam etdirəcəyik: kim prezident seçiləcəksə, müharibəni başlamalıdır! Bunu etmirsə, partizan müharibəsini başlamaq istəyənlərə mane olmamalıdır. Tələbimiz budur, getdikcə bu tələbin ətrafında Azərbaycan əhalisinin daha böyük əksəriyyəti birləşəcək. O zaman bunun qarşısında kim olur-olsun müharibə variantına getməli olacaq.
Seçkidə iştirak etmək üçün təşəbbüs göstərməkdə məqsədimiz prezident seçilib, rahat kresloda əyləşib hansısa nemətlərdən bəhrələnmək deyil. Məqsədimiz əgər seçilə biləriksə, müharibə aparmaqdır. Cəmiyyəti də müharibəyə hazırlayırıq, seçkidə iştirak niyyətimiz də elə buna xidmət edir. Bu işimizi yenə davam etdirəcəyik.
1988-ci ilin fevralından başlayaraq Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini (Xankəndi şəhərini, Şuşa, Xocalı rayonlarını tam, Xocavənd rayonunu, keçmiş Ağdərə rayonunu qismən) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri sülh danışıqları heç bir nəticə vermir.
Töhfə Əzimova