“Əminəm ki, yaxın gələcəkdə Mingəçevirdə minlərlə yeni iş yeri yaradılacaq”. Prezident İlham Əliyev fevralın 27-si Mingəçevir Sənaye Parkında iplik istehsalı üzrə iki müəssisəsinin açılışında belə deyib. Fabriklərlə tanışlıqdan sonra müəssisələrin işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşən İlham Əliyev qeyd edib ki, Mingəçevir Sənaye Parkının ilk iki fabriki dövlət-özəl sektor tərəfdaşlığının gözəl təzahürüdür: “Dövlət özəl sektorun inkişafı üçün əlindən gələni əsirgəmir, sahibkarlara güzəştli şərtlərlə kreditlər, metodik tövsiyələr verilir, iş yerlərinin yaradılması istiqamətində böyük işlər aparılır. Eyni zamanda dövlət sənaye parklarının yaradılması ilə özəl sektora şərait yaradır. Əgər dövlət bu funksiyanı öz üzərinə götürməsəydi, özəl sektor, sahibkarlar üçün belə nəhəng fabrikləri yaratmaq o qədər də asan olmayacaqdı. Özəl sektor isə öz növbəsində həm dövlətin güzəştli şərtlərlə verilmiş kreditlərindən yararlanır, eyni zamanda öz vəsaitini qoymaqla belə gözəl fabriklər yaradır.
Azərbaycanda son illər ərzində yaradılan sənaye zonaları, sənaye məhəllələri, sənaye parkları bu məqsədi güdür. Mən əvvəlki illərdə də demişəm ki, Mingəçevir ölkəmizin güclü sənaye mərkəzlərindən birinə çevrilməlidir və biz bunu artıq görürük.
Ölkəmizdə bir neçə şəhərdə sənaye məhəllələri, zonaları var. Onların ən böyüyü Sumqayıt Kimya Sənaye Parkıdır. Oraya yatırılan investisiyaların həcmi 2,7 milyard dollardır. Neftçala, Hacıqabul, Sabirabad, Masallı və digər şəhərlərdə sənaye zonaları yaradılacaq və yaradılır, o cümlədən Mingəçevirdə.
Bu fabriklərdə 700-750 insan işlə təmin edilir və burada çalışanların böyük əksəriyyəti qadınlardır. Bu da çox gözəl haldır. Çünki biz qadınları işlə təmin edirik və ümumiyyətlə, Mingəçevirdə işsizliyin aradan qaldırılması üçün bu fabriklərin çox böyük rolu olacaq. 700-750 insan burada daimi işlə təmin edilir. Buraya böyük vəsait yatırılıb, 140 milyon manat sərmayə qoyulub. Bu da onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox əlverişli məkandır, gözəl ölkədir. Son 15 il ərzində ölkə iqtisadiyyatına 230 milyard dollardan çox sərmayə qoyulub. İndi bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu sərmayə daha çox qeyri-neft sektoruna qoyulsun.
Azərbaycanda hazırda altı iplik fabriki fəaliyyət göstərir. Bu iki fabriklə onların sayı səkkizə qalxır. Altı fabrikin istehsal gücü 24 min ton iplikdir. Bu iki fabrikdə isə 20 min ton iplik istehsal olunacaq. Yəni bu müasir fabriklərdə əvvəlki dövrlərdə istifadəyə verilmiş fabriklərlə demək olar ki, eyni səviyyədə iplik istehsal olunacaq və həm daxili tələbatı təmin edəcək, həm də ixrac olunacaq.
Bizim əsas məqsədimiz qeyri-neft ixracının artırılmasıdır və bu istiqamətdə də çox gözəl işlər görülür. Eyni zamanda bu fabrikin timsalında biz ölkəmizin hərtərəfli inkişafını görürük. Çünki bu, böyük sənaye mərkəzidir, sənaye müəssisələridir. Eyni zamanda burada əsas xammal yerli pambıqdır, mahlıcdır. Son illər ərzində pambıqçılığın sürətli inkişafı bu fabriklərin yaranmasına zəmin oldu. İki il bundan əvvəl pambıqçılığın dirçəldilməsi ilə ciddi məşğul olmasaydıq, bu fabriklər də yaranmayacaqdı. Çünki xaricdən mahlıc gətirmək, burada onu ipliyə çevirmək çox bahalı bir təşəbbüs ola bilərdi. Ona görə son iki il ərzində Azərbaycanda pambıq istehsalı 35 min tondan 207 min tona qalxıb. Ümid edirəm ki, bu il daha çox pambıq yığımı nəzərdə tutulur. Pambığın, mahlıcın əsas hissəsi Azərbaycanda emal olunacaq, beləliklə, əlavə dəyər, iş yerləri yaranacaq və biz mahlıcı yox, hazırda ipliyi, gələcəkdə isə hazır məhsulu, tekstili, parçanı ixrac edə və daxili bazarı təmin edə bilərik.
Kənd təsərrüfatının sürətli inkişafına böyük dövlət dəstəyi göstərilir, texnika alınır, suvarma işləri aparılır, güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar verilir, o cümlədən pambıqçılığın inkişafı, sənaye müəssisələrinin yaradılması üçün dövlət öz dəstəyini göstərir. Özəl sektor da bu işlərdə çox fəaldır. Ona görə ölkəmizin hərtərəfli inkişafı üçün bu əsas istiqamət mütləq inkişaf edəcək. Sənaye istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı – Mingəçevirdə biz bu iki önəmli sahənin birləşməsini görürük və beləliklə, şəhər Azərbaycanın ən güclü sənaye mərkəzlərindən birinə çevrilir.
Bu, hələ başlanğıcdır. Bu iki fabrikin işə düşməsi əminəm ki, yeni fabriklərin yaranmasına təkan verəcək və planlar da var. 2016-cı ildə göstərilən təqdimatda bildirilmişdi ki, yeni fabriklərin yaranması nəzərdə tutulur. Əminəm ki, yaxın gələcəkdə Mingəçevirdə minlərlə yeni iş yeri yaradılacaq”.