Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov fevralın 27-si Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin (AAK) qurultayında çıxış edib. AZƏRTAC-ın məlumatına görə, Əli Həsənov fevralın 26-da Amsterdamda Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı keçirilmiş anım tədbirindən danışaraq deyib: “Xocalı soyqırımı bir günün məsələsi deyil. Xocalıya gələn yolun – ermənilərin azərbaycanlılara qarşı soyqırımının 200 ildən artıq tarixi var. Ermənilər xarici havadarlarının dəstəyindən istifadə edərək azərbaycanlıların əzəli torpaqlarında dövlət qurublar. Ermənilər azərbaycanlıları zaman-zaman öz torpaqlarından qovub, qətlə yetirib, soydaşlarımızın yaşadığı yerləri dağıdıblar. Faktiki olaraq ermənilər böyük dövlət qurmaq arzularını azərbaycanlıların kütləvi surətdə məhv edilməsi, torpaqlarından didərgin salınması, millət olaraq varlığına son qoyulması istiqamətində aparmağa çalışırlar. Əlbəttə, bunlara yardım edənlərin də öz məqsədləri var.
Xocalıda həlak olanlar dinc insanlar idilər. Ermənilər bu soyqırımını azərbaycanlıların gözünü qorxutmaq, yaşadıqları torpaqlardan kütləvi şəkildə qovmaq kimi mənfur məqsədlə törədiblər. Bizim diasporun qarşısında duran əsas vəzifə bu ağrı-acıları olduğu kimi dünyaya çatdırmaqdır. Ermənilərin xislətini, azərbaycanlılara qarşı qanlı soyqırımı həyata keçirmiş vəhşi, cinayətkar Ermənistan rejiminin yürütdüyü siyasəti bütün dünyaya çatdırmaq həm dövlətimizin, həm Azərbaycan cəmiyyətinin, həm də diasporumuzun bir nömrəli vəzifəsidir. Əlbəttə, bunu həyata keçirmək o qədər də asan deyil. Ermənilər uzun müddətdir anti-Azərbaycan fəaliyyətini həyata keçirərək, bu məqsədlə dünyanın ayrı-ayrı ölkələrində yuvalar qurub, buna dünyanın aparıcı media nümayəndələrini cəlb ediblər. Onlar xarici ölkələrin antimüsəlman, antitürk ovqatlı siyasətçilərini də bu işə qoşublar. Erməni lobbisinin dəstəyi ilə xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını da bu işə cəlb ediblər. Onların lobbiçiliyi ilə yaradılan anti-Azərbaycan koalisiyası təəssüf ki, güclüdür. Azərbaycan dövləti, elitası, diasporu bu gücün qarşısında mübarizə aparır. Açıq deyim ki, çox çətin vəzifə qarşısındayıq”.
Ermənilərin Dağlıq Qarabağda həyata keçirdikləri işğal siyasətinin 30 illiyini “Arsaxı tanıdaq” adı ilə dünyada qeyd etdiklərini diqqətə çatdıran Əli Həsənov deyib: “Ermənilər böyük mərkəzlər yaradıblar. Bu mərkəzlərin biri Brüssel, biri London, biri Paris, biri Moskva, biri isə ABŞ-dadır. Hər mərkəzə xaricdəki erməni lobbisi, imkanlı ermənilər pul köçürürlər. “Arsaxı tanıdaq” kampaniyasının da məqsədi dünyanın müxtəlif ölkələrinin səyyahlarını, siyasətçilərini, keçmiş və indiki dövlət xadimlərini, məşhur jurnalistləri, bloqçuları Ermənistana aparıb oradan Dağlıq Qarabağa keçirməkdir. Dağlıq Qarabağda yaradılan mövcud rejim real vəziyyəti dünyaya tanıtmaq istiqamətində fəaliyyət göstərir. Guya orada formalaşmış dövlət var, azərbaycanlılar onu dağıtmaq istəyir və sair məsələləri təbliğ edirlər. Belə şəraitdə biz Xocalı soyqırımının ildönümünü hər il keçiririk və keçirməliyik. Bu məsələdə diasporumuzun üzərinə mühüm vəzifə düşür. Hər bir azərbaycanlı bu gün fədakar olmağa borcludur. Hər bir azərbaycanlı fədakarcasına öz milli vəzifəsini icra etməlidir”.
Prezidentin köməkçisi qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin tamam olmasından da ermənilər anti-Azərbaycan ruhda istifadə etmək istəyirlər. Əli Həsənov deyib: “Azərbaycan Xalq Cümhuriyyəti bizim dövlətçiliyimizin bir parçasıdır. Onlar deyirlər ki, azərbaycanlıların cəmi 100 illik dövlətçilik tarixi var. Amma ermənilər undurlar ki, onlar İrəvan xanlığının ərazisində dövlət qurublar. İrəvan xanlığı Azərbaycan dövlətidir. Amma bizim mərkəzləşmiş dövlətimizin tarixi daha qədimə gedir. XVI əsrdə artıq mükəmməl Səfəvilər dövlətinin olması buna sübutdur”.
Prezidentin köməkçisi bildirib ki, təhlükəsizlik Azərbaycanın maraqlarının əsas prioritetini təşkil edir: “Bu gün Azərbaycan Ordusu bölgənin texniki cəhətdən təmin olunmuş, döyüş qabiliyyəti yüksək olan ordusu hesab edilir. Aprel döyüşləri bunu aydın göstərdi. Bu gün bizə mane olmasalar, yaxud da biz ermənilərin Azərbaycan torpaqlarını azad etməyəcəyi qənaətinə gəlsək, bir ay ərzində torpaqlarımızı azad etmək gücündəyik. Bunun üçün əsas resurs dövlətdir. Dövlətimiz inkişaf edir, möhkəmlənir. Bu gün Azərbaycanın demək olar ki, həll edə bilməyəcəyi məsələ yoxdur. Bizim həll edilməyən yeganə problemimiz Dağlıq Qarabağ məsələsidir ki, bunun da üzərində iş görürük. Azərbaycan bu məsələdə artıq bütün sivil dünyaya haqlı olduğunu çatdırıb. Təəssüf ki, beynəlxalq aləmin ikili standartları səbəbindən hələ ki, son qərar verilməyib”.