Fevralın 27-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransı keçirib. Rəsmi məlumata görə, nazir deyib ki, dövlət başçısı İlham Əliyev fevral ayında pensiya və müavinətlərin, müvafiq kateqoriyalardan olan vətəndaşlara prezident təqaüdlərinin artırılması məqsədilə fərman və sərəncamlar imzalayıb. O bildirib ki, əmək pensiyasının orta aylıq məbləği 2018-ci il yanvarın 1-nə 208,36 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 233,68 manata çatıb: “Əmək pensiyalarının ümumi məbləğinin 2017-ci ildə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2018-ci il yanvarın 1-dən 5,7 faiz artırılması təmin edilib. Sərəncam pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunur”.
Müslümov bildirib ki, yeni fərman və sərəncamların bir hissəsi prezidentin aylıq təqaüdü ödənilən 9 kateqoriya üzrə şəxsləri əhatə edir: “Prezident təqaüdü 2018-ci il martın 1-dən 10 faiz artırılmaqla şəhid ailələri üçün 220 manatdan 242 manata, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün 200 manatdan 220 manata, müharibə və 20 Yanvar əlilləri – I qrup əlillər üçün 165 manatdan 181,5 manata, II qrup əlillər üçün 143 manatdan 157,3 manata, III qrup əlillər üçün 110 manatdan 121 manata, 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 110 manatdan 121 manata çatdırılacaq.
Həmçinin sosial müavinət alan ümumi səbəblərdən birinci qrup əlillərə də prezident təqaüdlərinin gələn aydan 10 faiz artırılması, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün prezident təqaüdünün aylıq məbləğinin 1300 manatdan 1500 manata, prezidentin fərdi təqaüdünün 1300 manatdan 1450 manata, fəxri adlara görə aylıq təqaüdlərin “Xalq” fəxri adı üçün 100 manatdan 150 manata, “Əməkdar” fəxri adı üçün 60 manatdan 100 manata çatdırılması nəzərdə tutulur.
Qeyd olunan sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə prezidentin aylıq təqaüdü ödənilən 60 minədək şəxsi əhatə edir. Onların təqaüdlərinə müvafiq artımın edilməsi üçün cari ilin sonunadək dövlət büdcəsindən 9,7 milyon manat əlavə vəsait ayrılacaq”.
Nazir onu da qeyd edib ki, prezidentin 23 fevral sərəncamları ilə yaşa, ailə başçısını itirməyə və əlilliyə görə sosial müavinət alanlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, müharibə veteranlarına, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrdəki 1 yaşınadək uşaqlara və sosial müavinətlər haqqında qanunvericilikdə nəzərdə tutulan digər şəxslərə aylıq sosial müavinətlərin, uşağın doğulmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün, habelə dəfn üçün verilən birdəfəlik müavinətlərin, beşdən çox uşağı olan qadınlara hər uşağa görə verilən müavinətlərin, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin 2018-ci il martın 1-dən 10 faiz artırılması təmin ediləcək: “Sərəncamlar aylıq və birdəfəlik sosial müavinət alan şəxslərdən ibarət olmaqla ümumilikdə 560 minə yaxın insana yönələn müavinətlərin artırılmasını nəzərdə tutur və müavinətlərə artımların edilməsi üçün ilin sonunadək 24,9 milyon manata yaxın əlavə vəsait ayrılacaq”.