Hakim Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı İlham Əliyev prezidentliyə namizəd kimi qeydə alınıb. Qərarı Mərkəzi Seçki Komissiyası fevralın 27-də qəbul edib. Prezidentin namizədliyinin müdafiəsi üçün 40 mindən az olmayan seçici imzası toplanması əsas götürülüb.
11 aprel seçkisinə daha 15 nəfər qatılıb. İlham Əliyev namizədliyi rəsmiləşən ilk iddiaçıdır.
2013-cü ilin oktyabrında 5 il müddətinə prezident seçilmiş İlham Əliyevin səlahiyyət müddəti 2018-ci ilin oktyabr ayında başa çatırdı. Bu il oktyabrın 17-də növbəti prezident seçkisi keçirilməli idi.
Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə aprelin 11-nə növbədənkənar prezident seçkisi təyin edilib. Belə bir səlahiyyət prezidentə 2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə verilib. Başqa bir yenilik prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılmasıdır.
Yeni Azərbaycan Partiyası İlham Əliyevi fevralın 8-i Bakıda keçirilən VI qurultayında namizəd irəli sürüb.
Novator.az bildirir ki, İlham Əliyev 1961-ci il dekabrın 24-ü Bakı şəhərində anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu və həmin təhsil müəssisəsinin aspiranturasını bitirib, orada müəllim işləyib.
1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışan İlham Əliyev 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti və birinci vitse-prezidenti olub.
1995-ci və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilib. Həmin ilin oktyabr ayından Azərbaycanın prezidentidir.
2005-ci ildən Yeni Azərbaycan Partiyasının sədridir.
İlham Əliyevin atası Heydər Əliyev 1969-1982-ci (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi) və 1993-2003-cü illərdə (əvvəl Milli Məclisin sədri, sonra prezident) Azərbaycana rəhbərlik edib.